
“Azərbaycan və qırğız xalqlarını ümumtürk kimliyi, ortaq mədəni dəyərlər, əsrlərdir davam edən ədəbiyyat və sənət mübadiləsi birləşdirir. Bu gün ölkələrimiz həm ikitərəfli, həm də beynəlxalq qurumlar, xüsusilə TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Dövlətləri Təşkilatı və Beynəlxalq Türk Akademiyası çərçivəsində uğurla əməkdaşlıq edir. Eyni zamanda ali səviyyəli qarşılıqlı səfərlər, beynəlxalq mədəniyyət layihələrində birgə iştirak xalqlarımızı daha da yaxınlaşdırır. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə aprelin 20-dən 25-dək Qırğızıstanın paytaxtı Bişkek şəhərində ilk dəfə keçirilən Azərbaycan Mədəniyyəti Günləri iki ölkənin mədəni əlaqələrində yeni səhifə açacaq”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri Qırğızıstanda keçirilən Azərbaycan Mədəniyyət günlərində xüsusi kitab sərgisi ilə təmsil olunan Mahmud Kaşqari adına Beynəlxalq Fondun Prezidenti, Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib.
“Müstəqillik qazandıqdan sonra Azərbaycan Mərkəzi Asiya dövlətləri, o cümlədən Qırğızıstanla qarşılıqlı əməkdaşlıq və strateji tərəfdaşlığı xarici siyasətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirib. Hər iki ölkənin dövlət başçılarının qarşılıqlı siyasi iradəsi və xalqlarımızın ortaq tarixi, mədəni və dini dəyərlərə əsaslanan dostluq əlaqələri sayəsində Azərbaycan-Qırğızıstan münasibətləri son illərdə iqtisadiyyat, nəqliyyat, təhsil, mədəniyyət və humanitar sahələrdə daha dinamik inkişaf mərhələsinə qədəm qoyub. Bu əməkdaşlıq təkcə iki ölkənin rifahını yüksəltmək üçün deyil, həm də regionda sülhə və sabitliyin güclənməsinə töhfə vermək məqsədini daşıyır”, – deyə deputat əlavə edib.
Cavanşir Feyziyev xatırladıb ki, Azərbaycanla Qırğızıstan arasında mövcud olan dostluq və əməkdaşlığın təməlini Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti və ardıcıl səyləri ilə qurulan münasibətlər təşkil edir. Müstəqillik dövrünün ilk illərində Azərbaycan qarşılıqlı hörmət və etimada əsaslanan xarici siyasət kursunu formalaşdırarkən, Mərkəzi Asiya ölkələri, o cümlədən Qırğızıstanla əlaqələrin qurulmasına və möhkəmləndirilməsinə xüsusi diqqət ayırıb. Bu çərçivədə, 1995-ci il avqustun 27-28-də Ulu Öndər Heydər Əliyevin Qırğızıstana səfəri iki ölkənin münasibətlərinin inkişafında əhəmiyyətli səhifə açıb. Bu səfər yalnız iki ölkə arasında diplomatik əlaqələrin möhkəmlənməsi ilə deyil, həm də Azərbaycan və Qırğızıstan xalqları arasında dostluğun gücləndirilməsi, mədəni və tarixi bağların daha da möhkəmlənməsi baxımından əlamətdar olub. Heydər Əliyevin Qırğızıstanda keçirdiyi görüşlər Azərbaycanla Qırğızıstan arasında həmrəylik, qarşılıqlı dəstək və dostluq münasibətlərinin gələcək inkişafının əsasını qoyub.
Ulu Öndər Heydər Əliyev 1995-ci ilin avqustunda Türkdilli Dövlət Başçılarının üçüncü sammitində iştirak etmək üçün Qırğızıstana gedib və səfər çərçivəsində Bişkekdə Manas dastanının 1000 illik yubileyinə həsr edilmiş bayram tədbirlərində iştirak edib.
Bu cür sağlam təməllər üzərində bərqərar olan bugünkü münasibətləri ölkələrimiz arasındakı birlik və bərabərliyin təntənəsi olduğunu diqqətə çatdıran Cavanşir Feyziyev vurğulayıb ki, Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən dövlət başçımızın uzaqgörən yanaşması və ardıcıl səyləri nəticəsində bu gün iki ölkə arasında əməkdaşlıq elmi, mədəni, iqtisadi, siyasi və humanitar sahələrdə daha yüksək səviyyəyə çatıb.
“Qırğızıstan Prezidenti Sadır Japarovun təşəbbüsü ilə Qırğızıstan dövləti adından işğaldan azad olan Qarabağda – Ağdamın Xıdırlı kəndində tam orta məktəb binasının inşası iki ölkə arasında sarsılmaz qardaşlıq münasibətlərinin göstəricisidir”, – deyə deputat əlavə edib.
“2024-cü ilin aprel ayında Azərbaycanda keçirilən Qırğız mədəniyyəti günləri xalqlarımızın mədəniyyətlərini paylaşmaq və bir-birini daha yaxından tanımaq baxımından mühüm hadisə olub. Bundan əlavə Bakı və Bişkek, Quba və Kant kimi şəhərlər arasında qardaşlaşma əlaqələri bərqərar olub ki, bu da regionlararası əməkdaşlığı daha da gücləndirməyə xidmət edir.
Mədəniyyətlərarası dialoq xalqlarımız arasında tarixi, elmi, ədəbi-mədəni ortaq dəyərlərin dərinləşməsinə imkan yaradır, bu da regionda sülhün və sabitliyin qorunmasına töhfə verir. Bu konteksdə mədəni-humanitar əlaqələr və regionlararası əməkdaşlıq Azərbaycan-Qırğızıstan münasibətlərinin daha da inkişaf etməsi üçün vacib bir platforma yaradır.
Azərbaycan və Qırğızıstan arasındakı münasibətlər xalqlarımızın ortaq dəyərləri və qarşılıqlı dəstəyi ilə günbəgün möhkəmlənir. Bu əlaqələr yalnız iki xalq arasında dostluq və qardaşlıq əlaqələrini gücləndirmir, həm də regional sabitliyin və tərəqqinin təmin olunmasına mühüm töhfə verir”, – deyə Cavanşir Feyziyev fikirlərini yekunlaşdırıb