Azərbaycan üçün ağrılı proses başladı – Ekspertlərdən həyəcan

Son vaxtlar Azərbaycanda ard-arda baş verən xoşagəlməz olaylar – 25 yaşlı Əhməd Əhmədovun 5 ailə üzvünü qətlə yetirməsi, 156 nömrəli məktəbdə şagirdin həmcinsinə zorakılıq etməsi, eləcə də digər bənzər hadisələr ictimaiyyətdə geniş müzakirə edilir. Cəmiyyətin bir hissəsi bu məsələdə valideynləri ittiham etsə də, bir qisim prosesdə təhsil sisteminin də rol oynadığını bildirir. Hətta bunun sosial şəbəkələrdə təbliğ olunduğunu vurğulayanlar da az deyil.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan psixoloq Gülnar Orucova qeyd edib ki, problemi həm də məktəb rəhbərlərində axtarmaq lazımdır:

“Belə hadisələr anidən baş vermir. Yəni əvvəlcə bir neçə dəfə uşaqlar arasında yaşandıqdan sonra bu həddə çatır. Məktəb psixoloqlarının işi çətindir, onların üzərinə əlavə öhdəliklər qoyulur: uşaqları tədbirlərə aparıb-gətirir, kuryer kimi istifadə edilir, davamiyyət yoxlayır, tənəffüsdə uşaqlara nəzarət edir və s. Təlim-tərbiyə üzrə direktor müavininin işi bəs nədən ibarətdir?!

2-3 şagird arasında münaqişə baş verir və məktəb drektoru çıxıb deyir, “fəxr edirəm ki, hadisə məktəb daxilində olmayıb”. Bu nə yanaşmadır?! Utanmalısınız ki, şagirdiniz belə addım atıb.

 

Gülnar Orucova

Hər bir şagirdə “Tims” (Teams) proqramı açılıb. Burada bütün məlumatlar qeyd edilsə də, şagirdlərin psixoloji vəziyyəti əksini tapmır. Bu tərtib edilməli, ona əsasən şagirdlər nəzarətdə saxlanılmalıdır. Gələcəkdə ixtisas seçimində də həmin şəxslərin psixoloji durumu bilinəcək və hansı sahələr üzrə yönələ bilməyəcəklərinə qərar veriləcək”.

Psixoloqun fikrincə, məktəb rəhbərliyi məktəbin “adının çıxması” qorxusu ilə bu kimi halları gizlədir:

“Doğrudur, valideynin də rolu bu məsələlərdə az deyil. Uşağa özgüvən, söz haqqı tanımaya bilərlər, amma məktəb bunu tətbiq etməlidir. Bu kimi hallar yaşananda məktəb rəhbərliyi məsuliyyətə cəlb olunmalıdır”.

Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq-jurnalist Elçin Bayramlı isə vurğulayıb ki, cəmiyyətimizdə mənəvi-psixoloji problem kulminasiya nöqtəsinə çatmaq üzrədir:

“Ən dəhşətlisi isə odur ki, artıq təkcə böyüklər deyil, uşaq və yeniyetmələr də biabırçı hadisələrlə gündəm yaradırlar. Bu, müasirlik, sərbəstlik adı altında yaradılmış şəraitin, aparılan psixotron təbliğatın, dövlət və cəmiyyət olaraq uşaqlara sahib çıxmamağın məntiqi nəticəsidir. Uşaq narkomaniyasının, uşaq kriminalının və sair neqativ halların artması ciddi həyəcan siqnalıdır.

Xüsusən də sosial şəbəkələrin inkişafı bu prosesə rəvac verdi. Bəzi uşaqların, yeniyetmələrin sosial şəbəkələrdə çıxartmadığı hoqqa qalmayıb. Burada valideyn nəzarəti yox səviyyəsindədir. Nəinki ictimai qınaq yoxdur, əksinə, ictimaiyyət onları həvəsləndirir, dəstəkləyir, var gücü ilə bu işə, yəni uşaqların psixoloji cəhətdən məhv edilməsinə dəstək verir. Bu isə uşaqlara çox ciddi psixoloji travma vurur”.

Elçin Bayramlı

Sosioloqun fikrincə, uşaqlar artıq normal uşaqlığını yaşaya, təhsili, karyerası, gələcəyi üçün sağlam fəaliyyətlə məşğul ola bilmir, mənfi istiqamətə yönəlirlər:

“Bu, gələcək həyatlarında çox ciddi problemlərin yaranmasına yol açacaq. Çünki internetdə heç nə itmir. Hər şey əbədi olaraq sistemdə qeyd olunur.

Bu gün ortada biabırçı vəziyyət yaranıb. Uşaq, yeniyetmə və gənclərə durmadan əyləncəli bir həyat tərzinin təbliği özünün mənfi nəticələrini çoxdan büruzə verir. Bəzi saytlarda, sosial şəbəkələrdə, özəl televiziyalarda əsasən mənfi hallar təbliğ olunur. Ancaq əyləncə, gənclərin veyillənməsi, əylənməsi, böyük-kiçik saymaması, müasirlik adı altında hər cür biabırçılıqları utanmadan etməsi açıq-aşkar şəkildə təbliğ olunur.

Uşaqların tərbiyə olunduğu məkanlardan biri də məktəb idi ki, son dövrlərdə məktəbin əlindən tərbiyə funksiyası alıb, müəlimlər yalnız texniki təhsil verən biorobota çevrilib. Uşaqlar isə bu ifrat azadlıqdan necə lazımdır istifadə edirlər, əlbəttə əsasən mənfi istiqamətdə”.

E.Bayramlının sözlərinə görə, uşaqların asudə vaxtının təşkili də ciddi problemdir:

“İdman və yaradıclıq kurslarının qiyməti yüksəkdir və əksər valideynlər uşaqlarını ora yönəldə bilmir, nəticədə uşaqlar ətraf mühitin və sosial şəbəkələrin zərərli təsirlərinə məruz qalırlar.

Bütün bunları nəzərə alaraq təklif edirəm ki, uşaqlarla bağlı xüsusi dövlət proqramı qəbul olunsun və kompleks şəkildə problemlərin həllinə yanaşılsın. Əlbəttə, sağlam gələcək istəyiriksə…”

Safura Bənayeva
Globalinfo.az