Azərbaycan-Ermənistan danışıqlarında mühüm gəlişmə – Prezidentin köməkçisi detalları açdı

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çinin “Phoenix” telekanalına müsahibə verib. Müsahibə zamanı o deyib ki, Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır, lakin təəssüf ki, buna mane olurlar.

“Biz (Azərbaycan və Ermənistan) sülh sazişi ilə bağlı irəliləyiş əldə edirik. Azərbaycanın yanaşması ondan ibarətdir ki, sülh Azərbaycanla Ermənistan arasındadır, çünki bu region bizə məxsusdur. Vaşinqtonda, Brüsseldə, Parisdə yox, iki ölkə arasında Cənubi Qafqaz regionunda sülh təmin edilməlidir”, – o bildirib.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elçin Mirzəbəyli deyib ki, ədalətsizliyə məruz qalan yeganə xalq və dövlət Azərbaycan xalqı və Azərbaycan dövlətidir:

“Bu səbəbdən də ərazi bütövlüyümüzün təmin olunması ilə bağlı 2020-ci ilin sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsi alternativsizlikdən doğan bir addım idi. Geridə qalan zaman kəsiyi də sübut etdi ki, əgər Azərbaycan dövləti beynəlxalq hüququn norma və prinsiplərinin və tarixi ədalətin bərpası missiyasını öz üzərinə götürərək, təcavüzə son qoymasaydı, işğal sonsuza kimi davam edəcəkdi.

Hikmət Hacıyev Çinin “Phoenix” telekanalına müsahibə verir

Azərbaycanın öz ərazi bütövlüyünü və bir neçə kənd istisna olunmaqla, bütün əraziləri üzərində suveren hüquqlarını bərpa etdikdən sonra bölgədə geosiyasi maraqları uğrunda amansız mübarizəyə qalxan mərkəzlərin davranışları da dəyişdi.

2023-cü ilin oktyabrından etibarən, işğalın bütün təzahürləri aradan qaldırıldıqdan, təcavüzün ideoloji nüvəsi rolunu oynayan terrorizmlə çulğalaşmış silahlı separatizmin kökü Azərbaycan torpaqlarından kəsildikdən sonra ölkəmizə qarşı müxtəlif bəhanələr üzərindən tətbiq edilən təzyiq və təhdid elementləri sıradan çıxarılıb. Azərbaycanla Ermənistan arasında davamlı sülhə nail olmaq üçün əlverişli imkanlar yaranıb”.

E.Mirzəbəyli deyib ki, 2023-cü ilin sonlarından başlayaraq, sülh müqaviləsinin mətninin razılaşdırılması, sərhədlərin delimitasiyası ilə bağlı birbaşa təmaslar nəticəsində əldə olunan razılaşmalar, prosesin bütün kənar müdaxilələrə rəğmən intensivləşməsi hər iki ölkənin sülhə heç zaman olmadığı kimi yaxınlaşdığını söyləməyə əsas verir.

Politoloqun fikrincə, buna baxmayaraq, vaxtilə Azərbaycan torpaqlarının işğalı, separatizm və digər bu kimi beynəlxalq hüquqa zidd təzahürlərin üzərindən Cənubi Qafqaza təsir imkanlarını qoruyub saxlamağa çalışan bölgədənkənar qüvvələr regionda süni gərginlik yaratmağa çalışır:

“Şübhəsiz ki, bütün bunlar təkcə Azərbaycanın suveren hüquqları və maraqları baxımından deyil, həm də Cənubi Qafqazın təhlükəsiz gələcəyi baxımından qəbuledilməzdir. Sülh, Hikmət Hacıyevin müsahibəsində qeyd olunduğu kimi, Vaşinqtonda, Brüsseldə, Parisdə yox, Azərbaycanla Ermənistan arasında birbaşa təmaslar yolu ilə və Cənubi Qafqaz regionunda təmin edilməlidir. Bu, prosesi kənar müdaxilələrdən qoruyan və sürətlə irəliyə doğru aparılmasına zəmin yaradan yeganə doğru yanaşmadır və alternativi də yoxdur”.

Politoloq deyib ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi ilə bağlı irəliləyişin əldə olunması rəsmi İrəvan tərəfindən də etiraf olunur:

“Prezident İlham Əliyev bununla bağlı öz çıxışlarında bir neçə dəfə mühüm məqamlara toxunub. Belə olduğu təqdirdə ortalığa haqlı bir sual çıxır: O zaman Vaşinqton, Brüssel və Paris nədən narahatdırlar? Hər iki ölkənin sülhə bu qədər yaxın olduqları məqamda nədən “Azərbaycan müharibəyə hazırlaşır”, “Ermənistanın müdafiəyə ehtiyacı var” kimi beynəlxalq ictimai rəyin çaşdırılmasına, prosesin pozulmasına xidmət edən əsassız iddialar körüklənir?

Mövcud mənzərə onu deməyə əsas verir ki, Qərb paytaxtlarında Cənubi Qafqazda davamlı sülhün əldə olunacağı ilə bağlı ciddi narahatlıqlar var və onlar nəyin bahasına olursa olsun, bölgədə süni gərginlik yaratmaqla prosesi pozmağa çalışırlar. Bunu Azərbaycan vasitəsilə edə bilmədikləri üçün də özünə başqa bir qütbün “forpostu” donunu biçməyə çalışan Ermənistanı qarşıdurmaya təhrik etməklə gerçəkləşdirmək istəyirlər.

Yaxşı olardı ki, Ermənistanın siyasi hakimiyyətinin təmsilçiləri “xarici siyasətin və təhlükəsizliyin diversifikasiyası” barədə gülüş hədəfinə çevrilən bəhanələr uydurmaqdansa, düşüncələrini diversifikasiya etsinlər və Cənubi Qafqazda cərəyan edə biləcək proseslərə bir neçə rakursdan baxmağı bacarsınlar. O zaman sülh prosesinin pozulması istiqamətində regiondankənar qüvvələrin maraqlarının girovuna çevrilməyin Ermənistan üçün hansı nəticələrə yol aça biləcəyini görə bilərlər”.

Turan Rzayev
Globalinfo.az