Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin son açıqlamaları diqqət çəkib. O, AZAL təyyarəsi ilə bağlı hadisənin nəticələrinə dair bütün məsələlərin həll olunduğunu bildirib. Eyni zamanda, Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlük prosesinin artıq başladığını deyib. Bu bəyanatlar regionda baş verən proseslərlə bağlı yeni müzakirələrə səbəb olub.
Qaluzinin toxunduğu məqamların məğzi nədən ibarətdir?
Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, Rusiya bununla baş verən hadisələrin hüquqi qiymətləndirilməsində, günahkarların məsuliyyətə cəlb olunmasında və zərərçəkənlərə kompensasiya ödənilməsində maraqlı olduğunu nümayiş etdirir:
“Eyni zamanda, Rusiya-Azərbaycan münasibətlərinin gələcəkdə də davam etdirilməsinə önəm verir. Hazırkı vəziyyət göstərir ki, Moskva Azərbaycanla qarşıdurma yaratmaq niyyətində deyil və problemlərin dialoq yolu ilə, yeni mərhələdə həllinə üstünlük verir. Lakin iki ölkə arasında müəyyən fikir ayrılıqları mövcuddur. Azərbaycan öz maraqlarını qorumaq üçün Rusiyadan baş vermiş hadisələrlə bağlı obyektiv araşdırma aparılmasını, günahkarların məsuliyyətə cəlb edilməsini və zəruri kompensasiyaların ödənilməsini tələb etməyə davam etməlidir”.
Məhəmməd Əsədullazadə
Politoloq bildirib ki, Rusiya ilə Ermənistan arasında münasibətlərin son dövrlərdə xeyli gərginləşdiyi müşahidə olunur:
“Ermənistanın Avropa İttifaqı (Aİ) ilə inteqrasiyanı nəzərdə tutan siyasi qərarlar qəbul etməsi və Qərblə, xüsusilə Fransa ilə münasibətlərini inkişaf etdirməsi Moskvanın narazılığına səbəb olur. Bu səbəbdən Rusiya müxtəlif siyasi və iqtisadi alətlərdən istifadə etməklə İrəvana təzyiq göstərməyə çalışır. Ümumilikdə, Rusiyanın Cənubi Qafqaz siyasətində Ermənistan mühüm yer tutmağa davam edir. Hesab edirəm ki, Ermənistanın Baş naziri Nikol Paşinyan hazırkı xarici siyasət kursundan geri çəkilməyəcək və həm Qərblə əməkdaşlığı genişləndirməyə, həm də Rusiya ilə münasibətləri tamamilə qoparmadan davam etdirməyə çalışacaq. Lakin Moskvanın bu siyasəti tam qəbul etmədiyi görünür və buna görə də yaxın perspektivdə Rusiya-Ermənistan münasibətlərində gərginliyin daha da artacağı ehtimalı qalır”.
Ləman İmran
Globalinfo.az