Yusif abdullayev 131

“Ağıllı və dayanıqlı şəhər inkişafı üçün düzgün layihələndirmə, güclü institutlar, effektiv maliyyələşmə və etibarlı tərəfdaşlıq vacibdir. Azərbaycan xüsusilə şəhərsalma və yenidənqurma sahəsində mühüm təcrübə toplayıb”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən WUF13 tədbirində deyib.

O qeyd edib ki, azad edilmiş ərazilərdə aparılan bərpa işləri həm yaşayış mühitini yaxşılaşdırır, həm də investisiya və regional əlaqələr üçün yeni imkanlar yaradır:

“Biz “Azpromo” olaraq İqtisadiyyat Nazirliyi yanında fəaliyyət göstəririk və əsas məqsədimiz ölkəyə birbaşa xarici investisiyaların cəlbi və qeyri-neft ixracının təşviqidir. Bu çərçivədə “Made in Azerbaijan” kimi təşviq mexanizmləri tətbiq olunur və bu ildən logistika xərclərinin 75 faizədək subsidiyalaşdırılması kimi yeni dəstək alətləri də planlaşdırılır”.

Y.Abdullayev bildirib ki, dayanıqlı şəhərlər üçün rəqabətqabiliyyətli təchizat zənciri, müasir tikinti həlləri və özəl sektorun fəal iştirakı vacibdir:

“Biz həmçinin COP29 və digər beynəlxalq platformalarda investisiya və tərəfdaşlıq imkanlarını təşviq edirik. Bundan əlavə, “Şəhərlərdən sərhədsiz ticarətə” kimi forumlar vasitəsilə şəhərlərin logistik və iqtisadi mərkəz kimi rolunu gücləndirməyə çalışırıq. Eyni zamanda, ötən il keçirilən Azərbaycan Beynəlxalq İnvestisiya Forumu bu istiqamətdə mühüm addım oldu və bu il 25-26 sentyabrda ikinci dəfə təşkil olunacaq”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: