“ABŞ-ın Əfqanıstanda hərbi infrastrukturunun mümkün yerləşdirilməsi regionun bütün ölkələri üçün birbaşa təhlükə yaradacaq”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksandr Venediktov deyib.
Onun sözlərinə görə, Moskvanın Kabil ilə təhlükəsizlik sahəsində dialoqu regiona aidiyyəti olmayan ölkələrin hərbi qüvvələrinin Əfqanıstan ərazisində yerləşdirilməsinin qarşısını almaq məqsədini də daşıyır.
Venediktov qeyd edib ki, ABŞ Əfqanıstanda hərbi infrastrukturunu bərpa etmək planlarını gizlətmir.
Xatırladaq ki, 2021-ci ilin avqustunda radikal islamçı “Taliban” hərəkatı Əfqanıstan hökumət qüvvələrinə qarşı hücumlarını gücləndirib. Avqustun 15-də hərəkatın silahlıları Kabilə daxil olub, ertəsi gün isə müharibənin başa çatdığını elan ediblər.
Avqustun 31-nə keçən gecə ABŞ hərbçilərinin Kabil hava limanını tərk etməsi ilə ölkədə təxminən 20 il davam edən Amerika hərbi mövcudluğuna son qoyulub.
Günay Rəsulqızı
Globalinfo.az