
Deputat Aqil Abbasın Milli Məclisin fevralın 3-də keçirilən plenar iclasında etdiyi çıxış müzakirələrə səbəb olub. O, “arvad boğuşması” ifadəsini səsləndirməsinə görə Milli Məclisin sədri Sahibə Qafarovanın iradına tuş gəlib.
Sitat: “Mənfur Sovet dövründə mən qəzetdə işləyəndə adicə həkim haqda xoş söz demək olmazdı. Bu gün televiziyalarda əsas gəlir gətirən arvad boğuşması və həkimlərin, dərmanların reklamıdır”.
Milli Məclisin spikeri Sahibə Qafarova Aqil Abbasa irad bildirərək, “Arvad boğuşması, arvad davası, bu, parlament sözüdür?” – deyib.
Globalinfo.az-a danışan Aqil Abbas spikerin haqlı irad bildirdiyini qeyd edib:
“Əslində, Sahibə xanım düz deyir. İradı normal qəbul edirəm. Doğrudan da, o söz parlamentdə deyilməli deyildi. Sadəcə, çıxış zamanı fikrimi yazıçı kimi dilə gətirmişəm. Mənim o sözümü təhqir bilənlərdən üzr istəyirəm”.
Xatırladaq ki, “arvad” sözü vaxtaşırı narazılığa, tənqidə səbəb olur.
Zaira Akifqızı
Globalinfo.az