Pentaqondan etiraf: ABŞ qırıcısı Suriya səmasında Türkiyə PUA-sını vurdu – VİDEO

Türkiyənin ANKA-S pilotsuz uçuş aparatı (PUA) ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-35A qırıcısı tərəfindən Suriyanın şimalda yerləşən Həsəkə şəhəri üzərində vurulub.

Globalinfo.az xəbər verir ki, bu barədə Pentaqonun məlumatında deyilir.

Bildirilir ki, Suriyada ABŞ hərbçiləri Türkiyə PUA-sını potensial təhlükə kimi qəbul edərək vurublar.

Təyyarə 421-ci qırıcı eskadrilyaya məxsus olub və Türkiyə PUA-sını məhv etmək üçün “AIM-120 AMRAAM” hava-hava raketindən istifadə edib.

Pentaqondan Türkiyə qüvvələrinin Amerika hərbçilərini qəsdən hədəfə almasına dair heç bir əlamət müşahidə edilmədiyi, qırıcının yanlışlıqla PUA-ya hücum etdiyi qeyd olunub.

“Bu gün yerli vaxtla təxminən saat 07:30 radələrində Suriyada qoşunlarımız PUA-ların Həsəkə əyaləti yaxınlığında zərbələr endirdiyini qeydə alıblar. Üstəlik, bu zərbələrin bəziləri ABŞ əməliyyat zonasına, bizim qüvvələrimizdən təxminən bir kilometr aralıda yerləşən əraziyə endirilib. Nəticədə qüvvələrimiz bunkerlərə daxil olub. Təxminən saat 11:30-da Türkiyə PUA-sı yenidən bölgədə görünüb. ABŞ komandanlığı qüvvələrimizdən yarım kilometrdən az məsafədə olan PUA-nı potensial təhlükə hesab edib və “F-16” qırıcıları onu yerli vaxtla təxminən 11:40-da vurublar”, – deyə ABŞ Hərbi Hava Qüvvələrinin briqada generalı Patrik Rayder bildirib.

İnsidentdən sonra Türkiyə və ABŞ müdafiə nazirləri arasında da telefon danışığı baş tutub.

Qeyd edək ki, bundan öncə Suriya mənbələri “Bayraqdar” PUA-sının ABŞ tərəfindən vurulması barədə məlumat yaymışdı.