baki foto 1

Son günlər ABŞ-ın Birləşmiş Millətlər Təşkilatının (BMT) yenidən təşkili ideyası ilə çıxış etməsinin müsbət hal olacağına dair fikirlər səsləndirilir. Hətta ABŞ-ın BMT-dən çıxmaq qərarı təsdiqlənərsə, bu addımı Azərbaycanın da dərhal atmalı olduğu düşünülür. Bu da özlüyündə müəyyən sualların yaranmasına səbəb olur.

BMT yenidən təşkil edilə bilərmi? Azərbaycanın da BMT ilə bağlı kəskin addım atması mümkündürmü?

Globalinfo.az-a danışan politoloq Elşən Mustafayev xatırladıb ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) ikinci Dünya Müharibəsindən dərhal sonra 1945-ci ildə yaradılıb. Həmin dövrün tələblərini nəzərə alaraq bu təşkilat əsasən müharibənin qaliblərinin diktəsi ilə dizayn olunmuşdu. Bir müddətdən sonra soyuq müharibə dövründə qeyri-rəsmi olaraq bu təşkilat ABŞ tərəfindən yönəldilməyə başlamışdı:

“Bütün bunlara baxmayaraq dünyada dövlətlərin sözünü deyəcək əhəmiyyətli qərarlar qəbul edən yeganə orqan BMT idi. 90-cı illərin sonlarından BMT nizamnaməsində əks olunan səlahiyyətlərini həyata keçirtməkdə çətinlik çəkdi. Təşkilat bir növ yalnız humanitar layihələr həyata keçirən qurum halına düşdü. Baş verən konfliktlərin həllində təsir imkanları sıfırlandı və s. Onun bu hala düşməsində isə BMT Təhlükəsizlik Şurasının (TŞ) 5 daimi üzvünün rolu əsas idi. O səbəbdən son 20 ildə təşkilatın yenidənqurulması ilə bağlı çağırışlar çox olmuşdur. Yəni İkinci Dünya müharibəsinin nəticələrinin şərtləri ilə formalaşan bir təşkilat 21-ci əsrin tələblərinə cavab vermirdi.

elsen mustafayev politoloq

Elşən Mustafayev

Hazırda bu istiqamətdə fərqli fikirlər mövcuddur. Məsələn, ABŞ Prezidenti Donald Tramp BMT-dən çıxmaqla bağlı fikirlər səsləndirir. Bu, tamam fərqli maraqlarla bağlıdır. Onun hansısa səbəbdən şəxsi istəyi kimi qiymətləndirilir. Əslində ABŞ heç vaxt bu təşkilatdan çıxmaq istəməz. Çünki BMT-ə ondan daha çox təsir imkanları olan ikinci dövlət yoxdur və ən əsası təşkilatın mənzil qərargahı ABŞ-da yerləşir. Ona mane olan TŞ-nın daimi üzvləri arasında Çin və Rusiyanın olmasıdır”.

Politoloqun sözlərinə görə, ABŞ rəsmi olmasa da BMT daxilində digər dövlətlərdən daha üstün mövqeyə malikdir:

“Təşkilatın yenidənqurulmasını istəyənlər isə başqa səbəblərdən bunu istəyir. BMT TŞ-nın 5 daimi üzvünün əsas məsələlərə səs verməsinin mütləq olması və onlardan birinin veto hüququndan istifadə etməklə təkliflərin gündəlikdən çıxarılması bir çox hallarda digər dövlətlərin haqlarını pozur. Həmçinin dünyanın 1 nömrəli təşkilatı hesab olunan BMT-nin verdiyi qərarların icra mexanizmi yoxdur. O səbəbdən əgər təşkilat yenidən ədalətli şəkildə qurularsa, müsbət hal olar. Əslində bu iş bütün dövlətlərə sərf etməlidir. Azərbaycan da zaman-zaman BMT-nin fəaliyyətindən problemlər yaşamış dövlət kimi bu təklifləri dəstəkləyə bilər. Torpaqlarımızın geri qaytarılması ilə bağlı qəbul olunmuş BMT qətnamələrin icra olunmamasının əsas günahkarı da məhz elə bu təşkilat olmuşdu”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: