ABŞ Energetika Nazirliyinin keçmiş rəhbəri, Birləşmiş Ştatların BMT-dəki sabiq daimi nümayəndəsi Bill Riçardson 76 yaşında vəfat edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Riçardson Mərkəzinin vitse-prezidenti Mikki Berqmana istinadən CNN məlumat yayıb.
Məlumata görə, Riçardson Massaçusetsdəki bağ evində yuxuda olarkən ölüb.
Riçardson 1947-ci ildə Kaliforniyanın Pasadena şəhərində anadan olub. O, ilk dəfə 1983-cü ildə Nyu-Meksikodan ABŞ Nümayəndələr Palatasına seçilib. 1997-1998-ci illərdə Bill Klinton administrasiyasında ABŞ-ın BMT-dəki səfiri vəzifəsində çalışıb. O, 1998-2001-ci illərdə ABŞ Energetika Nazirliyinə rəhbərlik edib. 2003 – 2011 illərdə Nyu-Meksiko ştatının qubernatoru olub.
Son illərdə Nyu-Meksiko ştatının keçmiş qubernatoru Riçardson xaricdə bu və ya digər səbəbdən saxlanılan Amerika vətəndaşlarının azad edilməsi ilə məşğul olub. O, həmçinin Moskva və Vaşinqton arasında dialoqda qeyri-hökumət xəttində iştirak edib.