ABŞ dünyanı böyük fəlakətə sürükləyir – Nüvə müharibəsi başlayır?

Rusiya – Qərb münasibətləri yeni, kritik dönəmə girib, gərginlik artır. Hərbi – NATO bloku, siyasi – G7, ATƏT, Aİ və s. bu gərginliyi alovlandıran amillərdir. Rumıniya XİN bəyan edib ki, Rusiya və Belarus nümayəndə heyəti ATƏT-in Parlament Assambleyasının sessiyasına buraxılmayacaq. Kollektiv Qərb Rusiyanın vəsaitlərinə əl qoyduğunu elan edib. Ötən həftə məlum oldu ki, G-7 Ukraynaya 50 milyard dollar kredit verəcək. Krediti Kiyev yox, Moskva qaytaracaq. Bundan əlavə, Rusiyanın taktiki nüvə başlıqlarından istifadə edəcəyi də gündəmdədir.

Bütün bu detalları nəzərə alsaq, ortaya bir neçə sual çıxır: Ukraynada gedən müharibənin sərhədləri böyüyə bilərmi? Yeni cəbhə açılacaqmı? 2025-ə doğru dünyanı nələr gözləyir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elçin Xalidbəyli deyib ki, ABŞ və Qərbin atdığı addımlar çox təhlükəli xarakter daşıyır:

“Qərb siyasi dairələrinin verdiyi qərarlarda ABŞ-ın maraqları xüsusi rol oynayır. Rəsmi Vaşinqton dünyanı faktiki olaraq böyük fəlakətlərə sürükləyir. Ukrayna savaşı ətrafında yaranmış geosiyasi vəziyyət və yeni inkişaf istiqamətlərinin axtarılması dünyanı qlobal savaşa, nüvə müharibəsinə çəkir”.

Politoloqun sözlərinə görə, İsveçrədə keçirilən Ukrayna sülh sammiti ABŞ və Qərbin situasiyasını daha da qəlizləşdirəcək:

“Rusiyanın iştirak etdiyi müharibədə sülhün əldə olunması ilə bağlı danışıqlarda rəsmi Moskva olmadan müzakirələrin aparılması absurddur. Görünür, müharibəni bir müddət də uzatmağa çalışırlar”.

Elçin Xalidbəylinin fikrincə, müharibənin bu il sona çatmasına imkan verməyəcəklər:

“2025-ci ildə də gərginliyi davam etdirməyə cəhd edəcəklər. Ukraynaya verilən silahlar da Rusiya ərazilərinin dərinliklərinə zərbələr endirməyə imkan verir. Kremlin bu səbəbdən Avropa ölkələrini raket zərbələri ilə vurmaq ehtimalı istisna deyil. Hətta nüvə silahı ilə zərbələrin endirilməsi mümkündür. Ukrayna savaşı yaxın gələcəkdə Qərbin günahı ucbatından daha geniş areala yayıla bilər. Qlobal savaş qaçılmaz olacaq”.

Safura Bənnayeva
Globalinfo.az