secki abs

ABŞ-da prezident seçkiləri başlayıb.

Globalinfo.az AZƏRTAC-a istinadən bildirir ki, səsvermə məntəqələri müxtəlif ştatlarda fərqli saatlarda açılır. Ən erkən məntəqə yerli vaxtla saat 05:00-da (Bakı vaxtı ilə 14:00) Vermont ştatında açılıb. Meyn, Nyu Cersi, Nyu York, Virciniya kimi ştatlarda məntəqələr saat 6:00-dan etibarən seçiciləri qəbul edəcək. Paytaxt Vaşinqtonda səsvermə saat 07:00-da etibarən keçiriləcək. Vaşinqton və Alaska ştatlarında məntəqələr saat 11:00-da, Havay adalarında 12:00-da açılacaq.

Ağ evin növbəti administrasiyası uğrunda mübarizə əsasən iki partiya arasında gedəcək. Bu gün seçicilər Respublikaçılar Partiyasından namizəd Donald Tramp və Demokratlar Partiyasından namizəd Kamala Harris arasında seçim edəcəklər.

ABŞ-da müxtəlif ştatlardan asılı olaraq sentyabrın 20-dən etibarən erkən səsvermə başlayıb. Seçicilərin artıq 80 milyona yaxını öz səslərini veriblər. Onlar səsvermədə fiziki olaraq və ya səslərini poçt vasitəsilə göndərərək iştirak ediblər.

Donald Tramp və Kamala Harris son günə kimi prezident seçkiləri ilə bağlı keçirilən sorğularda bərabər dəstəyə malik olublar. Bu da seçkilərin nəticələrinin daha gec anons ediləcəyi ilə bağlı ehtimalları artırır.

ABŞ-da seçkilərin nəticələrini əsasən Arizona, Corciya, Miçiqan, Nevada, Şimali Karolina, Pensilvaniya və Viskonsin ştatlarının müəyyən edəcəyi gözlənilir. Seçkilərin ilkin nəticələri səslərin sayılmasından asılıdır. Sonuncu dəfə 2020-ci ildə seçkilərin nəticəsi səsvermədən 3 gün sonra elan edilmişdi.

ABŞ-ın yeni seçiləcək prezidenti 2025-ci il yanvarın 20-də keçiriləcək inaqurasiya mərasimindən sonra səlahiyyətlərinin icrasına başlayacaq. Bu, ABŞ tarixində sayca 60-cı andiçmə mərasimi olacaq.

Bugünkü seçkilərdə ABŞ-da prezident və vitse-prezident seçilməklə yanaşı, 119-cu ABŞ Konqresinin üzvlərini müəyyən etmək üçün Nümayəndələr Palatasındakı 435 yerin hamısı və Senatdakı 100 yerdən 34-ü uğrunda mübarizə aparılacaq.

***10:25

ABŞ-da prezident seçkiləri  Nyu Hempşir ştatının Diksvill Notç qəsəbəsində başlayıb.

Globalinfo.az  xəbər verir ki, bu barədə seçki məntəqəsinin yerləşdiyi “Balsams” otelinin açıqlamasında bildirilir.

ABŞ-da ilk səsi qəsəbin 6 sakininin verdiyi açıqlanıb. 1960-cı ildən etibarən hər prosesdə ilk səsvermə məntəqəsi Diksvill Notç qəsəbəsində açılır.

***08:45

ABŞ-da prezident seçkilərinin başlanmasına saatlar qalıb.

Globalinfo.az “Report”a istinadən bildirir ki, noyabrın 5-də Birləşmiş Ştatlar ölkəni 4 il idarə edəcək 60-cı Prezidentini və vitse-prezidentini seçəcək.

Seçkilərdə respublikaçı Donald Tramp və demokrat Kamala Harris arasında gərgin mübarizə gedəcək. Tramp, yoxsa Kamala? Bütün ölkənin diqqəti bu suala yönəlib, yerli mətbuat seçiciləri səs verməyə çağırış edir.

Yerli ekspertlər gərgin rəqabət şəraitində keçən seçkiöncəsi prosesin nəticələrini proqnozlaşdırmaqda çətinlik çəkirlər.

Erkən seçimlərə oktyabr 26-dan start verilib. Seçki məntəqələri Nyu-Yorkda yerli vaxtla səhər saat 5:00-da axşam 20:00-a qədər fəaliyyət göstərir. Ölkə üzrə artıq 78 milyondan çox seçici erkən səsvermədə iştirak edərək səslərini verib.

Seçkilərdə həm də ABŞ-da qanunların qəbulunda əsas rol oynayan Nümayəndələr Palatası və Senatın üçdə ikisi yenilənəcək.

Pensilvaniya, Nevada, Miçiqan, Şimali Karolina, Corciya, Arizona, Viskonsin ştatları seçkilərin nəticələrini müəyyən edəcək.

Polis gücləndirilmiş iş rejminə keçib, təhlükəsizlik tədbirləri gücləndirilib.

Paylaş: