Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılması erməni cəmiyyətindəki nifrət faktoru bir daha üzə çıxartdı. Son insident həm də Ermənistan ilə Azərbaycan arasında sülhə olan inamı da əsaslı surətdə zəiflətdi.
Maraqlıdır, baş verən son hadisədən necə dərs çıxartmalıyıq? Yoxsa sülhə məcburetmə siyasətimizə davam etməliyikmi?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, bayrağımızın Ermənistanda yandırılması heç bir halda qəbul edilə bilməz:
“Rəsmi İrəvan buna cavab verməlidir. Bayraq bir ölkənin namusu, ləyaqəti, şərəfidir. Ermənistan tərəfi bu əməli ilə faktiki olaraq sülhə olan inamı öldürdü.
Qabil Hüseynli
Azərbaycan bütün baş verənlərə baxmayaraq Ermənistanla sülh müqaviləsi imzalamağa, prosesi dinc yolla həll etməyə maraqlı idi. Lakin hesab edirəm son hadisə müharibə variantından başqa həllin olmadığını göstərir.
Ermənistan Azərbaycanı sülhə məcburetmə əməliyyatlarına başlamağa vadar edir. Onu da deyim ki, bu baş versə Ermənistan təkcə məğlub olmayacaq, həm də ərazi itkisinə məruz qala bilər. Çünki sülhə məcburetmə əməliyyatı başlayan tərəfə əlavə istək şansı tanıyır”.
Turan Rzayev
Globalinfo.az