alimenttt

“Bu günlərdə Birləşmiş Millətlər Təşkilatının (BMT) elan etdiyi təşəbbüs çərçivəsində bütün dünyada qadınlara qarşı zorakılıq və şiddət məsələləri gündəmdədir, beynəlxalq ictimaiyyətin diqqəti bir daha bu problemə yönəldilir. Sözsüz ki, Azərbaycan bu sahədə göstəricilərinə görə dünyada müsbət mənada öndə gedən ölkələrdəndir. Bu, xalqımızın formalaşdırdığı dəyərli ənənələrdən və dövlətimizin həyata keçirdiyi siyasətdən qaynaqlanır”.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

O, Ailə Məcəlləsində ziddiyyət təşkil edən məqama toxunub:

“Belə ki, valideynlərindən birini itirmiş, digər valideyni əlil olan, yaxud hər iki valideynini itirmiş uşaqlara dövlət büdcəsindən 18 yaşınadək müavinət ödənilir. Əgər həmin uşaqlar 18 yaşından sonra ali təhsil müəssisəsində təhsil alırlarsa, bu müavinətin, səhv etmirəmsə, 23 yaşınadək davam etdirilməsi nəzərdə tutulur. Ancaq nikah pozulduğu halda, valideynlərin övladları qarşısında aliment öhdəliyi ilə bağlı fərqli yanaşma mövcuddur. Belə ki, aliment 18 yaşınadək ödənilir. Uşaq hətta ali təhsil müəssisəsində oxusa belə, həmin müddətdən sonra aliment ödənilməsi məcburi deyil, bu məsələ yalnız könüllü qaydada həll oluna bilər. Mövcud qanunvericilikdə belə bir yanaşma nəzərdə tutulub. Belə olan halda sual yaranır: dövlətimiz valideyn himayəsindən məhrum olmuş uşaqlara büdcə hesabına təhsil aldıqları müddətdə, 23 yaşınadək dəstək göstərirsə, valideyn nə üçün ali məktəbə daxil olan öz övladına təhsil aldığı müddətdə aliment ödəməsin?”.

Deputat bu məsələni araşdırdığını da bildirib:

“Türkiyədə, eləcə də Avropa ölkələrində bu yanaşma qanunvericilikdə öz əksini tapıb. Nikah pozulduğu halda valideyn övladının ali təhsilini başa vurmasına qədər ona aliment ödəmək öhdəliyi daşıyır. Xahiş edirəm, Hüquq siyasəti və Dövlət quruculuğu komitəsi bu məsələnin araşdırılmasına və həllinə dəstək göstərsin. Dövlətimiz belə humanist və sosialyönümlü siyasət həyata keçirir, bu məqsədlə büdcədən vəsait ayırırsa, valideyn də öz övladı qarşısında üzərinə düşən öhdəliyi yerinə yetirməlidir”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: