turistler 12

Dünyada turistlərin ən az üz tutduğu ölkələrin siyahısı açıqlanıb. Siyahıda təbii gözəllikləri, fərqli mədəniyyətləri və özünəməxsus xüsusiyyətləri ilə seçilən, lakin kütləvi turizmdən kənarda qalan 10 ölkə yer alıb.

Globalinfo.az xəbər verir ki, son illərdə izdihamlı turizm mərkəzlərindən uzaqlaşmaq istəyən səyahətçilər daha az tanınan istiqamətlərə maraq göstərirlər.

Bununla belə, dünyada il ərzində cəmi bir neçə min turist qəbul edən ölkələr də mövcuddur. Hətta Avropada belə, illik turist sayı 100 min nəfərdən aşağı olan məkanlar var.

“Euronews” dünyanın ən az ziyarət edilən 13 ölkəsinin siyahısını hazırlayıb. Sudan və Somali kimi rəsmi səyahət xəbərdarlıqlarının qüvvədə olduğu ölkələr isə təhlükəsizlik səbəbindən siyahıya daxil edilməyib.

Məqalədə qeyd olunan ölkələrdən bəziləri bunlardır:

1. Tuvalu: Sakit okeanda yerləşən bu ada dövləti dəniz səviyyəsinin yüksəlməsi səbəbindən mövcudluğu təhlükə altında olan ölkələrdən biridir.

2. Ekvatorial Qvineya: Vulkanik dağları, şəlalələri, tropik meşələri və zəngin vəhşi təbiəti ilə tanınır.

3. Marşall Adaları: Nüvə sınaqlarının keçirildiyi Bikini atolu və batmış gəmiləri ilə dalğıc həvəskarlarını cəlb edir.

4. Türkmənistan – Paytaxt Aşqabad ağ mərmərlə üzlənmiş binalarının çoxluğu ilə tanınır. Şəhər bu xüsusiyyətinə görə Ginnesin Rekordlar Kitabına düşüb.

5. Kiribati – Sakit okeanda yerləşən, çoxsaylı adalardan ibarət arxipelaq dövlətidir.

6. Niue – Ulduzları müşahidə etmək imkanları və təbii gözəllikləri ilə seçilən Sakit okean adasıdır.

7. Mikroneziya Federativ Ştatları – Təxminən 600 adadan ibarət olan ölkə tropik təbiəti və zəngin dəniz həyatı ilə tanınır.

8. Solomon Adaları – Ölkənin Kəllə adası yüz illər əvvələ aid insan qalıqları ilə diqqət çəkir.

9. San-Tome və Prinsip – Afrikanın qərb sahillərində yerləşən bu ada dövləti təbii gözəllikləri ilə seçilir.

10-cu yerdə Şərqi Timor qərarlaşıb.

Qeyd edək ki, bu ölkələr kütləvi turizm axınından uzaq olsalar da, özünəməxsus təbiəti, tarixi və mədəni irsi ilə fərqli səyahət təcrübəsi axtaran turistlər üçün maraqlı istiqamətlər hesab olunur.

Tahir Turan
Globalinfo.az

Paylaş: