İran iqtisadi blokadanın yarılması üçün zəruri hesab etdiyi bütün addımları atmağa hazırdır. Tehran Hörmüz boğazının açılmasını ABŞ-nin İslam Respublikasının irəli sürdüyü şərtləri yerinə yetirməsi ilə əlaqələndirir.
Globalinfo.az xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, ABŞ İranın tələblərini yerinə yetirdikdən sonra Hörmüz boğazı iki saat, yaxud yeddi gün ərzində də açıla bilər. Tehranın əsas şərtləri bütün cəbhələrdə müharibənin dayandırılması, iqtisadi blokadanın aradan qaldırılması və dondurulmuş İran aktivlərinin açılmasıdır.
Qəribabadi bildirib ki, Vaşinqtonun öhdəliklərini yerinə yetirib-yetirmədiyini yoxlamaq uzun vaxt tələb etmir. Bu proses bir, ən geci isə iki gün ərzində həyata keçirilə bilər.
Nazir müavini vurğulayıb ki, İranın hazırda danışıqlar masasında olan yeganə təklifi iki günlük plandır. ABŞ bu çərçivədə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərsə, danışıqları davam etdirmək mümkün olacaq.
O, diplomatik səylərin davam etdiyini də qeyd edib. Qəribabadinin sözlərinə görə, ötən gecə Qətər nümayəndə heyəti məsləhətləşmələr aparmaq üçün Tehrana gəlib və tərəflər arasında iki saatlıq görüş keçirilib.
İran rəsmisi iqtisadi blokadanı müharibə aktı kimi qiymətləndirib və ölkəsinin buna qarşı sərt addımlar atacağını bildirib:
“İran iqtisadi blokadanı yarmaq üçün bütün zəruri addımları atacaq. Biz bu mövqeyimizi qarşı tərəfə və vasitəçilərə çatdırmışıq. Təbii ki, ABŞ da mövqeyimizdən və atmağı planlaşdırdığımız addımlardan xəbərdardır”.
Qəribabadi nüvə danışıqlarına da toxunaraq bildirib ki, bu müzakirələr hələ başlamayıb. Buna görə də texniki məsələlər və digər detalları müzakirə etmək tezdir.
O əlavə edib ki, İranın xarici işlər nazirinin prinsipial mövqeyinə əsasən, zənginləşdirilmiş nüvə materialları heç bir halda ölkədən çıxarılmayacaq. Onun sözlərinə görə, bu materialların xaricə göndərilməsi İranın öz ehtiyaclarını təmin etməsində problemlər yarada bilər.
Əliyar Xəlil