Azərbaycanın Haaqa Konfransının 1970-ci il tarixli “Mülki və ya ticarət işləri üzrə xaricdə sübutların toplanması haqqında” Konvensiyasına qoşulacağı gözlənilir.
Globalinfo.az xəbər verir ki, Konvensiyaya qoşulmaq barədə qanun layihəsinin Milli Məclisin noyabrın 24-də keçiriləcək plenar iclasının gündəliyinə daxil edildiyi bildirilir.
Layihə noyabrın 6-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında müzakirəyə çıxarılıb. Plenar iclasda isə əsas məsələ kimi müzakirə olunacaq.
1970-ci il 18 mart tarixli Haaqa Konvensiyası mülki və ticarət işləri üzrə üzv dövlətlər arasında xaricdə sübutların əldə edilməsi prosedurlarını tənzimləyir.
Azərbaycan Konvensiyaya qoşulacağı təqdirdə ölkədə borc, vərəsəlik, boşanma və əmlak bölgüsü, mülki və ya kommersiya mübahisəsi ilə bağlı məhkəmə işlərində yeni imkanlar yaranacaq. Belə ki, sözügedən işlər üzrə sübut xarici ölkədədirsə, Azərbaycan məhkəməsi həmin ölkənin müvafiq orqanına hüquqi sorğu göndərərək sübutun toplanmasını istəyə bilər. Məsələn, müəyyən sənədlərin təqdim edilməsi, şahidin dindirilməsi və digər sübutların əldə edilməsi kimi proseslər baş tuta bilər. Həmçinin barəsində sorğu göndərilən şəxslərin xaricdəki əmlakları, bank hesabları ilə bağlı dəqiq məlumatlar da toplanacaq və Azərbaycan məhkəməsinə təqdim ediləcək.
Bu qanun layihəsi ictimaiyyətdə müzakirələrə səbəb olub.
Əliyar Xəlil
Globalinfo.az