Noyabrın 17-də Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın Müdafiə Qüvvələri komandanı general-leytenant Giorgi Matiaşvili və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyindən Globalinfo.az-a verilən xəbərə görə, əvvəlcə qonaqlar Zəfər abidəsini ziyarət edərək önünə əklil qoyub, şəhidlərin xatirəsini yad ediblər.
Baş Qərargahda təşkil edilən rəsmi qarşılanma mərasimində Azərbaycan Ordusunun Baş Qərargah rəisi və Gürcüstanın Müdafiə Qüvvələri komandanı fəxri qarovul dəstəsinin önündən keçdikdən sonra hər iki ölkənin Dövlət himnləri səsləndirilib. Protokola uyğun olaraq general-leytenant G.Matiaşvili “Şərəf kitabı”nı imzalayıb.
General-polkovnik K.Vəliyev gürcüstanlı həmkarı ilə əvvəlcə təkbətək, sonra isə geniş tərkibdə nümayəndə heyəti ilə görüşüb.
Qonaqları salamlayan Baş Qərargah rəisi dövlət başçılarının dostluq münasibətlərinin və ölkələrimiz arasında strateji tərəfdaşlığın olmasının müdafiə sahəsində əməkdaşlığımıza böyük töhfə verdiyini diqqətə çatdırıb.
Qəbula və qonaqpərvərliyə görə minnətdarlığını ifadə edən general-leytenant G.Matiaşvili növbəti dəfə ölkəmizə səfər etməsindən məmnun olduğunu bildirib, bu cür görüşlərin Azərbaycan ilə Gürcüstan arasında hərbi əlaqələrin daha da inkişaf etdirilməsində müstəsna rol oynadığını xüsusi vurğulayıb.
Tərəflər ölkələrimiz arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın daha da genişləndirilməsi, ikitərəfli və çoxtərəfli formatda hərbi təlim və məşqlərin keçirilməsi, ekspertlər səviyyəsində qarşılıqlı səfərlərin təşkili məsələlərini, həmçinin regionda və dünyada baş verən hərbi-siyasi prosesləri müzakirə edib, maraq doğuran bir sıra digər mövzulara dair geniş fikir mübadiləsi aparıblar.
Görüşdə həmçinin Vətən müharibəsi və sonrakı hərbi əməliyyatlar, o cümlədən lokal xarakterli antiterror tədbirləri zamanı Azərbaycan Ordusunun əldə etdiyi döyüş təcrübəsi, habelə Ali Baş Komandanın rəhbərliyi ilə həyata keçirilən hərbi islahatlar barədə qonaqlara geniş brifinq təqdim edilib, onları maraqlandıran suallar cavablandırılıb.
