Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kənd qəbiristanlığında məzarların üzərindəki çoxsaylı mərmər gül qabları oğurlanıb. Kənd sakinlərinin iddiasına görə, oğurlanan əşyaların ümumi dəyəri 10 min manatdan çoxdur. Bu hadisə məzarların bəzədilməsi və qəbirüstü abidələrlə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Globalinfo.az-a danışan Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının üzvü, ilahiyyatçı Rüfət Qarayev bildirib ki, islam dininə görə, müsəlmanın məzarı dəbdəbəli olmamalı, qəbrin tanınması üçün üzərinə bir daş qoyulmalıdır:
“Yaxşı olar ki, qəbrin torpağı yer səthindən təxminən dörd barmaq hündür olsun. Bunun xaricində dinimizin məzar üçün xüsusi daşların qoyulması, üzərinə şəkil vurulması, xüsusi abidə ucaldılması ilə bağlı heç bir tövsiyəsi yoxdur. Hətta bu kimi işlər günah və israf hesab olunur. Amma burada bir istisnanı da unutmaq olmaz. Dünyasını dəyişən şəxs Allah və insanlar yanında xüsusi mənəvi statusa sahibdirsə, bu halda onun məzarının digər məzarlardan fərqləndirilərək üzərində türbə və ya abidə ucaldılması qadağan edilmir”.
Oğurluq hallarına gəldikdə isə, ilahiyyatçı məsələyə fərqli yanaşmağın vacibliyini vurğulayıb:
“Hər hansı əşyanı açıq yerdə saxlamağımız və ya qapımızın açıq qalması insanları oğurluq etməyə təşviq etməməlidir. Belə hallarda hər kəs sədaqət və ləyaqət nümayiş etdirməli, dürüst həyat tərzinin formalaşmasına çalışmalıdır. Bununla belə, oğruların sayı və oğurluq halları artırsa, ehtiyat tədbirlərini də unutmamalıyıq. Özümüzü və ailəmizi təhlükələrdən qorumaq üçün açıq qapılarımızı bağlı saxlamağa çalışmalıyıq”.
Zaira Akifqızı
Globalinfo.az