serencam

Prezident İlham Əliyev Milli Məclisin oktyabrın 30-da qəbul etdiyi Azərbaycan Mərkəzi Bankının (AMB) maliyyə institutlarına nəzarət səlahiyyətlərinin genişləndirilməsini təsdiqləyib.

Globalinfo.az xəbər verir ki, bununla bağlı “Mərkəzi Bank haqqında” qanunda dəyişiklik edilib.

Dəyişikliyə əsasən, AMB cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində maliyyə institutlarının və maliyyə qruplarının risk profillərini, o cümlədən “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun tələblərinə riayət edilməməsi risklərini dövri olaraq qiymətləndirəcək.

Eləcə də maliyyə institutunun və ya onun daxil olduğu maliyyə qrupunun idarə edilməsində və ya əməliyyatlarında əhəmiyyətli dəyişikliklər baş verdikdə (yenidən təşkil olunduqda, benefisiar mülkiyyətçilər dəyişdikdə, maliyyə institutunun fəaliyyət növləri, müştəri qrupu, habelə coğrafi fəaliyyət dairəsində dəyişiklik olduqda, əvvəlki təqvim ili ilə müqayisədə əməliyyatların intensivliyi və ya məbləğində 40 faiz və ya daha çox artım olduqda) qiymətləndirməni təkrar həyata keçiriləcək.

AMB-nin nəzarət tədbirlərinin dövriliyi və intensivliyi aşağıdakılar nəzərə alınmaqla müəyyən olunacaq:

– maliyyə institutlarının və ya maliyyə qruplarının risk profilinin qiymətləndirilməsi nəticəsində müəyyən olunan risklər və onların siyasət, daxili qayda, nəzarət mexanizmləri və prosedurları;

– ölkə səviyyəsində mövcud olan cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi, kütləvi qırğın silahlarının yayılması və yayılmasının maliyyələşdirilməsi riskləri;

– maliyyə institutlarının və (və ya) maliyyə qruplarının xüsusiyyətləri, o cümlədən maliyyə institutlarının müxtəlifliyi və sayı, eləcə də risk əsaslı yanaşma çərçivəsində normativ xarakterli aktla onlara verilmiş səlahiyyət genişliyinin dərəcəsi.

Bankların, həyatın yığım sığortası fəaliyyəti ilə məşğul olan yerli və xarici sığortaçıların, təkrarsığortaçıların və sığorta vasitəçilərinin, investisiya şirkətlərinin, investisiya fondlarının və onların idarəçilərinin, xarici investisiya fondlarının nümayəndəliklərinin daxil olduğu maliyyə qruplarına əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə məqsədləri ilə nəzarət konsolidasiya olunmuş formada həyata keçirilir.

Layihəyə əsasən AMB-nin nəzarəti ayrı-ayrı maliyyə institutları ilə yanaşı, onların daxil olduğu maliyyə qruplarına da şamil ediləcək.

Bankların, həyatın yığım sığortası fəaliyyəti ilə məşğul olan yerli və xarici sığortaçıların, təkrarsığortaçıların və sığorta vasitəçilərinin, investisiya şirkətlərinin, investisiya fondlarının və onların idarəçilərinin, habelə xarici investisiya fondlarının nümayəndəliklərinin daxil olduğu maliyyə qrupları üzrə konsolidasiya olunmuş, yəni bütün qrupu əhatə edən nəzarət həyata keçiriləcək.

AMB nəzarət tədbirlərinin həyata keçirilməsi məqsədilə maliyyə institutlarından və yaxud maliyyə qruplarından yazılı sorğu əsasında sənəd və məlumat tələb etmək hüququna malik olacaq. Tələb olunan sənəd və məlumatlar AMB-nin sorğusunda müəyyən edilmiş müddətdə təqdim edilməlidir. Nəticədə, AMB-nin maliyyə institutları və maliyyə qrupları üzrə risk əsaslı nəzarət və məlumat tələb etmək səlahiyyətləri daha aydın və əhatəli şəkildə müəyyən ediləcək.

X X X

Prezident İlham Əliyev Milli Məclisin oktyabrın 27-də qəbul etdiyi kommersiya daşımalarını həyata keçirən təyyarələrin ekipajının iş və istirahət vaxtının yenidən tənzimlənməsini təsdiqləyib.

Globalinfo.az xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsində və “Aviasiya haqqında” qanunda dəyişikliklər edilib.

Əmək Məcəlləsinin 89-cu maddəsinə əsasən, gündəlik normal iş vaxtı 8, həftəlik normal iş vaxtı isə 40 saatdan çox ola bilməz. Məcəllənin 93-cü maddəsi və Nazirlər Kabinetinin 2003-cü il 12 avqust tarixli qərarı ilə uçuş və uçuş təlimatçı heyəti üçün həftəlik iş vaxtı 36 saat müəyyən edilib. Məcəllənin 95-97-ci maddələrinə görə cəmlənmiş uçot tətbiq edildikdə gündəlik iş vaxtı 12 saatdan, gecə vaxtına düşdükdə isə 11 saatdan çox ola bilməz. Bu məhdudiyyətlər 13-14 saat davam edən Nyu-York, Seul və digər uzaq istiqamətlərdə uçuşlar həyata keçirilməsini qeyri-mümkün, iqtisadi baxımdan səmərəsiz edir, onların rəqabət qabiliyyətini zəiflədir. Layihədə ümumi iş saatı limitləri hava gəmisi heyətinin yorğunluğunun idarə edilməsi (fatigue management) sahəsində beynəlxalq standartlara uyğunlaşma nəzərdə tutulub.

Beynəlxalq təcrübədə (məsələn, ABŞ və Avropa İttifaqında) uçuş heyəti üçün iş və istirahət müddətləri 7, 14, 28 ardıcıl gün və ya 1 təqvim ili üzrə daha çevik limitlərlə tənzimlənir və eyni qayda Azərbaycanda da tətbiq olunacaq.

X X X

Azərbaycan və Özbəkistan arasında iki sənəd təsdiqlənib.

Globalinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı qanunları imzalayıb.

Belə ki, 2026-cı il avqustun 23-də Daşkənd şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş” və “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə” təsdiq edilib.

Paylaş: