Rusiyanın ən varlı iş adamları Prezident Vladimir Putindən sonrakı dövrə hazırlaşmağa başlayıblar.
Globalinfo.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Bildirilib ki, ölkənin biznes elitasının bir hissəsi prezidentin hakimiyyətdən getməsindən sonra siyasi təsirlərini bərpa etməyə və 1990-cı illərdəki kimi hakimiyyət üzərində söz sahibi olmağa ümid edir.
BBC xatırladıb ki, 2022-ci il fevralın 24-də Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlamasından bir neçə saat sonra Putin ölkənin ən varlı iş adamlarını Kremlə toplayıb.
“Görüş zamanı Prezident oliqarxlardan hökumətlə əməkdaşlıq etməyi, iqtisadiyyatı, istehsalı və iş yerlərini dəstəkləməyi istəyib. Lakin görüşdə iştirak edən milyarderlərdən heç biri danışmayıb. Bu susqunluq Putinin hakimiyyəti dövründə formalaşmış siyasi mühitin göstəricisi kimi qiymətləndirilir. Belə ki, 2003-cü ildə Rusiyanın ən varlı şəxsi olan Mixail Xodorkovski Putini korrupsiyada ittiham etdikdən sonra 10 il həbsdə qalıb. O, vergidən yayınma, dələduzluq və mənimsəmə ittihamlarını rədd edib”.
Məqalədə bildirilir ki, Putin 2000-ci ildə hakimiyyətə gəldikdən sonra oliqarxları tədricən öz nəzarəti altına alıb və onların müstəqil siyasi gücə çevrilməsinə imkan verməyib:
“Hazırda isə müharibəni tənqid edən iş adamlarının aktivləri müsadirə olunur, hakimiyyətə sadiq olanlar dövlət sifarişləri ilə mükafatlandırılır. Buna baxmayaraq, Rusiyada milyarderlərin sayı rekord həddə çatıb. “Forbes” jurnalının məlumatına görə, ölkədə 155 milyarder var və onların ümumi sərvəti təxminən 700 milyard dollara yüksəlib”.
BBC-nin danışdığı Rusiya üzrə ekspertlər Vladimir Putindən sonrakı dövr üçün üç mümkün ssenarini nəzərdən keçirirlər.
“Birinci ssenari ölkədə demokratik sistemin formalaşmasıdır. Lakin analitiklər bunu ən az ehtimal olunan variant hesab edirlər. Səbəb kimi Putinin hakimiyyəti illərində demokratik institutların zəiflədilməsi və ya sıradan çıxarılması göstərilir.
İkinci ssenari yeni liderin hakimiyyətə gələrək mövcud avtoritar idarəçilik modelini davam etdirməsidir. Bununla belə, ekspertlərin fikrincə, Putinin varisi ilk mərhələdə onun qədər güclü olmayacaq və daha məhdud resurslara malik olacaq.
Üçüncü ssenari isə oliqarxların yenidən siyasi hakimiyyətə təsir imkanlarını artırması və Rusiyanın 1990-cı illərin oliqarxiya sisteminə bənzər idarəçilik modelinə qayıtmasıdır. Bu variantda ölkənin bir neçə güclü biznes və siyasi klanın ittifaqı tərəfindən idarə olunması mümkündür”.
BBC-nin materialında diqqətçəkən məqamlardan biri də rusiyalı milyarderlərin Putin haqqında danışıq tərzinin dəyişməsidir. Rusiyalı analitik Aleksandra Prokopenkonun sözlərinə görə, oliqarxlar əvvəllər Putini “Naçalnik” (rəis), “Pervıy” (birinci) və ya “VV” adlandırırdılar. İndi isə onun üçün “Ded” (qoca, baba) ifadəsindən istifadə edirlər.
Bununla belə, BBC-nin həmsöhbətləri oliqarxların Putinə qarşı yaxın zamanda açıq mübarizəyə başlayacağını gözləmirlər. Amerikalı maliyyəçi Mayk Kalvinin sözlərinə görə, belə bir addım atan iş adamlarını həbs və aktivlərini itirmək təhlükəsi gözləyə bilər. Beləliklə, Rusiyanın biznes elitası Putindən sonrakı siyasi düzən barədə düşünməyə başlasa da, hazırda açıq şəkildə hərəkət etməkdən çəkinir. Əsas sual isə Putindən sonra hakimiyyətə kimin gələcəyi və yeni siyasi qüvvələrin oliqarxların əvvəlki nüfuzunu bərpa etməsinə imkan verib-verməyəcəyidir.
Əliyar Xəlil
Globalinfo.az