Prezident İlham Əliyevin İrlandiyanın paytaxtı Dublində keçirilən Avropa Siyasi Birliyinin IX Sammiti çərçivəsində apardığı diplomatik təmaslar Azərbaycanın beynəlxalq siyasi müstəvidə artan rolunu və dövlət başçısının xarici siyasət sahəsində fəal gündəliyini bir daha diqqətə çatdırıb. Sammit çərçivəsində bir gün ərzində 10 görüşün keçirilməsi və bu təmasların qarşı tərəfin təşəbbüsü ilə baş tutması Azərbaycanın beynəlxalq tərəfdaşlar üçün əhəmiyyətini, Prezident İlham Əliyevin diplomatik müstəvidə artan nüfuzunu göstərən mühüm məqamlardandır.
Bu səfər təkcə ikitərəfli münasibətlər baxımından deyil, Azərbaycanın Avropa ilə siyasi, iqtisadi və enerji əməkdaşlığının gələcək perspektivləri kontekstində də diqqət çəkir. Xüsusilə 2028-ci ildə Avropa Siyasi Birliyinin növbəti sammitinin Bakıda keçirilməsi ilə bağlı qərarın qəbul olunması ölkəmizin qarşıdakı dövrdə Avropa siyasi məkanındakı rolunu daha da aktuallaşdırır. Bu, eyni zamanda, Azərbaycanın beynəlxalq dialoq platformalarında iştirakçı olmaqla yanaşı, mühüm siyasi müzakirələrə ev sahibliyi edən ölkə kimi mövqeyini gücləndirmək imkanıdır.
Bəs Dublində keçirilən görüşlər Prezident İlham Əliyevin beynəlxalq siyasi nüfuzunun artması baxımından hansı mesajları verir? Bir gün ərzində 10 görüşün keçirilməsi və təşəbbüsün qarşı tərəfdən gəlməsi Azərbaycanın xarici siyasətində hansı reallıqları əks etdirir? 2028-ci ildə Avropa Siyasi Birliyinin sammitinə Bakının ev sahibliyi etməsi ölkəmizə hansı yeni diplomatik və geosiyasi imkanlar qazandıracaq?
Globalinfo.az-a danışan politoloq Tofiq Abbasov bildirib ki, Avropa qitəsi hazırda kifayət qədər mürəkkəb və gərgin vəziyyətlə üz-üzədir:
“Avropada uzun müddətdir mövcud olan problemlər getdikcə dərinləşir və bu, qitədə siyasi proseslərin daha mürəkkəb xarakter almasına səbəb olur.
Avropada bir neçə dərin köklü problem və fəsad mövcuddur ki, artıq onlar xaotik xarakter almağa başlayıb. Dublində keçirilən Avropa Siyasi Birliyinin sammiti də məhz belə bir mürəkkəb siyasi atmosferdə baş tutdu. Faktiki olaraq, artan problemlər fonunda müşahidə olunan fəaliyyətsizlik, məsələlərə formal yanaşma və mövcud vəziyyətlə barışmaq artıq mümkün deyil. Ona görə də hesab edirəm ki, Azərbaycan Prezidentinin bu tədbirdə iştirakı olduqca müsbət hadisədir. Çünki Azərbaycanın faydalılıq əmsalı müxtəlif beynəlxalq danışıqlar platformalarında aydın şəkildə nəzərə çarpır. Bakı bu cür tədbirlərə ciddi hazırlaşır və müzakirələrdə öz mövqeyini ortaya qoyur.

Tofiq Abbasov
Bu proseslərin fonunda təşəbbüskar ölkələrə və xüsusilə onların liderlərinə diqqət yetirmək lazımdır. Avropada hazırda güclü liderlik çatışmazlığı müşahidə olunur. Bunun nəticəsində problemlər daha da dərinləşir. Bir çox kritik məsələlər faktiki olaraq həllini tapmadan qalır və taleyin hökmünə buraxılır. Belə bir dövrdə Azərbaycanın və Prezident İlham Əliyevin mövqeyi Avropa Siyasi Birliyinin sammitində xüsusi əhəmiyyət kəsb edirdi.
Bu gün Azərbaycan bir neçə beynəlxalq platformada fəal iştirak edir, eyni zamanda, müəyyən təşkilat və təşəbbüslər çərçivəsində sədrlik funksiyalarını həyata keçirir. Ölkəmizin ortaya qoyduğu mövqe, nümayiş etdirdiyi təşəbbüskarlıq və gördüyü işlər Avropa üçün də mühüm əhəmiyyət daşıyır. Azərbaycan müxtəlif tərəflərlə dialoq qurmaq, əməkdaşlıq imkanlarını genişləndirmək və mürəkkəb məsələlərin müzakirəsində iştirak etmək potensialına malik ölkə kimi çıxış edir”.
Turan Rzayev
Globalinfo.az