Avropa Siyasi Birliyinin (ASB) sammiti çərçivəsində Prezident İlham Əliyevin keçirdiyi görüşlər və apardığı müzakirələr Azərbaycanın Avropa məkanında artan siyasi çəkisini bir daha gündəmə gətirib. Dövlət başçısının bir gün ərzində müxtəlif ölkələrin liderləri ilə 10 görüş keçirməsi, bu görüşlərin qarşı tərəfin təşəbbüsü ilə baş tutması ölkəmizə olan marağın göstəricisi kimi qiymətləndirilir. Eyni zamanda, enerji təhlükəsizliyinə həsr olunmuş xüsusi paneldə Prezident İlham Əliyevin çıxışı, eləcə də Azərbaycanla Böyük Britaniya arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi səfərin diqqətçəkən məqamlarındandır.
Bəs bu səfər Azərbaycanın beynəlxalq nüfuzunun artması və Avropa ilə münasibətlərinin inkişafı baxımından hansı siyasi mesajları verir?
Globalinfo.az-a danışan Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirov deyib ki, Prezidentin səfəri bir çox Avropa dövlətlərinin liderləri ilə ikitərəfli təmaslar və müzakirə olunan məsələlər baxımından böyük aktuallıq kəsb edir:
“Azərbaycan Prezidentinin Ukrayna Prezidenti ilə görüşü, bundan əlavə, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə apardığı danışıqlar, eyni zamanda, Yunanıstan, Bolqarıstan və Çexiyanın baş nazirləri ilə görüşü, Moldovanın Prezidenti ilə danışıqları və digər təmasları Azərbaycanın mövcud enerji imkanlarının, eləcə də yaşıl enerji potensialının, nəqliyyat və tranzit üstünlüklərinin təqdimatı baxımından böyük əhəmiyyət kəsb edir”.
E.Nəsirov bildirib ki, Prezidentin bu mühüm zirvə görüşündə iştirakını üç istiqamətdə qiymətləndirmək düzgün olardı:
“Əvvəla, sülh diplomatiyasını qeyd edək. Belə ki, cənab Prezidentin səfəri çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü keçirildi. Bu görüşün ən mühüm xüsusiyyəti ondan ibarətdir ki, heç bir vasitəçi olmadan təşkil edildi. Hər iki dövlətin lideri sülh gündəliyini müəyyənləşdirdi, sülh gündəliyi ilə bağlı müzakirə olunan məsələləri nəzərdən keçirdi və eyni zamanda, onun inkişafı ilə bağlı razılıq əldə etdi”.
Deputat qeyd edib ki, burada əsas müzakirə olunan məsələlər, heç şübhəsiz ki, iki dövlət arasında etimad mühitinin daha da möhkəmləndirilməsi ilə bağlı idi:
“Bu baxımdan iqtisadi əlaqələrin genişləndirilməsi xüsusi önəm kəsb edir. Artıq iki dövlət arasında iqtisadi əlaqələrin inkişafı üçün zəmin formalaşıb və bu proses irəliləməkdədir. Azərbaycandan Ermənistana neft və neft məhsullarının ixracı reallaşdırılır. Ermənistana Azərbaycandan ixrac ediləcək məhsulların siyahısı artıq tərtib edilib. Eyni zamanda, məmnunluq hissi ilə vurğulandı ki, məhz iki dövlət arasındakı sülh prosesinin məntiqi nəticəsi olaraq artıq Azərbaycan ərazisindən Ermənistana 105 min ton yükün çatdırılması həyata keçirilib”.
Elman Nəsirov vurğulayıb ki, müzakirə olunan məsələlər sırasında sülh prosesinin mühüm tərkib hissəsi olan sərhədlərin delimitasiyası ilə bağlı məsələlər də var və bu istiqamətdə işin davam etdirilməsi haqqında razılıq əldə edilib:
“Mühüm məsələlərdən biri də sülh prosesi çərçivəsində enerji əməkdaşlığı ilə bağlıdır. Belə ki, hər iki dövlətin liderinin ortaq mövqeyi ondan ibarətdir ki, perspektivdə Azərbaycan və Ermənistanın elektrik xətləri birləşdirilməlidir. Heç şübhəsiz ki, bu addım da nəticə etibarilə etimad mühitini daha da möhkəmləndirəcək. Başqa bir razılaşma ekoloji əməkdaşlıq məsələləri ilə bağlıdır. Razılıq əldə edilib ki, transsərhəd suların idarə olunması ilə bağlı komissiya yaradılsın. Heç şübhəsiz ki, bu komissiyanın yaradılması nəticə etibarilə bu sahədə mövcud problemlərin həllinə dəstək olacaq. Danışıqlarda müzakirə olunan əsas məsələlərdən biri də məhz 2025-ci il 8 avqust tarixli Vaşinqton razılaşmalarının həyata keçirilməsi və prosesin davamlılığının təmin edilməsi ilə bağlıdır. Yəni elə addımlar atılmalıdır ki, nəticədə sülh prosesi öz məntiqi sonluğuna çatsın və regionumuza uzunmüddətli, dayanıqlı sülh gəlsin, sülh müqaviləsi imzalansın. Bu baxımdan Azərbaycan və Ermənistan siyasi liderlərinin Dublin görüşü olduqca böyük aktuallıq və əhəmiyyət kəsb edib”.
Elman Nəsirov
Professor qeyd edib ki, səfər çərçivəsində ən mühüm hadisələrdən biri İlham Əliyevlə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri arasında imzalanmış strateji tərəfdaşlıq bəyanatıdır:
“Bu bəyanat ikitərəfli münasibətlərimizi ən yüksək səviyyəyə qaldırır və əməkdaşlığımız təkcə neft-qaz sektorunu deyil, digər sahələri də əhatə etməyə başlayır. Heç şübhəsiz ki, neft-qaz sektoru bizim üçün əsas əməkdaşlıq istiqamətidir. Nəzərə alsaq ki, 30 ildən artıqdır Böyük Britaniyanın BP şirkəti Azərbaycanla çox sıx təmaslar qurub, təkcə bir faktı söyləyim ki, Azəri, Çıraq və Günəşli yataqlarının birgə istehsalında BP-nin payı 30%-dən yüksəkdir, yalnız SOCAR-dan bir qədər aşağıdır. Amma Şahdəniz qaz yatağının işlənməsində isə Böyük Britaniyanın payı 30%-ə yaxındır. Bunlar çox yüksək göstəricilərdir. Yəni enerji sahəsində əməkdaşlığımız böyük inkişaf yolu keçib. Amma əsas niyyət ondan ibarətdir ki, bu əməkdaşlıq qeyri-neft-qaz sektorunda da genişlənsin. Bunun üçün, heç şübhəsiz ki, Böyük Britaniya investisiyalarının Azərbaycan iqtisadiyyatına cəlb edilməsi böyük aktuallıq kəsb edir və imzalanmış birgə bəyanatda bu məsələlər xüsusilə öz əksini tapıb. İlk növbədə, bəyanatda enerji sektorundan savayı digər sahələrdə də əməkdaşlığın inkişafı ilə bağlı konkret istiqamətlər göstərilib. Bu, müdafiə və təhlükəsizlik sahəsini də əhatə edir. Söhbət ilk növbədə müdafiə sənayesindən, hərbi kadrların hazırlanmasından və bu sahədə əməkdaşlığın dərinləşdirilməsindən gedir. Bu, çox mühüm sahədir”.
E.Nəsirovun sözlərinə görə, ilk dəfədir ki, bu sahə prioritetlər sırasında göstərilib:
“Digər mühüm sahə, heç şübhəsiz ki, yaşıl enerji sahəsində əməkdaşlıqdır. Azərbaycanın böyük potensialı var. Biz 2032-ci ilə qədər 8 giqavatlıq yaşıl enerji istehsal etməyi planlaşdırırıq və 2030-cu ilə qədər Azərbaycanın enerji istehsalında yaşıl enerjinin payı 30 faizə, 2035-ci ildə isə 43 faizə çatmalıdır. Bu baxımdan böyük potensialımız var. Həm də bu enerjini Avropa bazarına çatdırmaq üçün dəhlizlərimiz mövcuddur: Xəzər-Qara dəniz marşrutu ilə Avropaya çıxış, Zəngəzur dəhlizi vasitəsilə Türkiyə üzərindən Avropaya çıxış, üçüncüsü isə Özbəkistan və Qazaxıstanın yaşıl enerjisinin Azərbaycan üzərindən, Xəzər vasitəsilə Avropa bazarına çatdırılmasıdır. Bu baxımdan Böyük Britaniya ilə qeyd olunan sahədə əməkdaşlıq xüsusi aktuallıq kəsb edir. Razılaşmalardan biri də Orta Dəhlizin daha da inkişafı və təşviqi ilə bağlıdır. Nəzərə alsaq ki, 2022-ci ildən etibarən Orta Dəhlizin aktuallığı daha da artıb və Asiya ilə Avropa arasında alternativ kommunikasiya marşrutu hesab olunur, Dünya Bankının hesablamalarına görə, 2030-cu ilə qədər Orta Dəhlizlə daşımalar 300 faiz, yəni üç dəfə arta bilər. Bu, böyük göstəricidir və bu sahədə əməkdaşlıq məsələləri diqqət mərkəzindədir”.
Deputat vurğulayıb ki, nəqliyyat və logistika sahəsində iki dövlət arasında əməkdaşlığın daha da genişləndirilməsi nəzərdə tutulur:
“Müasir dövrdə süni intellekt, data mərkəzləri və yüksək texnologiyalar sahəsində əməkdaşlıq ən mühüm prioritetlərdən biri hesab edilir. Böyük Britaniya dünyanın beşinci iqtisadiyyatıdır. NATO üzvüdür, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biridir, 1952-ci ildən nüvə dövlətidir. Bütün bu reallıqlar onu göstərir ki, belə nəhəng bir dövlətlə Azərbaycanın təkcə enerji deyil, həm də qeyri-enerji sahələrində, qeyri-neft-qaz sektorunda əməkdaşlığının genişləndirilməsi Azərbaycanın strateji maraqlarına tamamilə cavab verir. Bu nöqteyi-nəzərdən demək olar ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa Siyasi Birliyinin Dublin sammitində iştirakı olduqca böyük əhəmiyyət kəsb edir və konkret nəticələri ilə diqqəti cəlb edir”.
Zaira Akifqızı
Globalinfo.az