Bakı Dövlət Universiteti və “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti (QSC) arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
Globalinfo.az bildirir ki, imzalanma mərasimi BDU-da Azərbaycan radiosunun 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan radiosu – 100: milli yaddaşdan rəqəmsal mediaya” mövzusunda Respublika elmi-praktik konfrans çərçivəsində keçirilib.
Memorandum peşəkar jurnalist kadrların hazırlanmasına mühüm töhfə verəcək. Sənəd iki qurum arasında ortaq tədqiqatların aparılmasını, təhsilalanlar, gənc tədqiqatçılar üçün təcrübə proqramları, mentorluq, seminar və təlim proqramlarının təşkilini nəzərdə tutur. Sorğular və sosial tədqiqatların keçirilməsi, ictimaiyyətlə əlaqələrin və məlumatlandırma kampaniyalarının birgə təşkili, strateji sənədlər və dövlət proqramlarının elmi əsaslandırılması məqsədilə tövsiyələrin hazırlanması, davamlı inkişaf və sosial rifah mövzularında ekspert müzakirələri və dəyirmi masaların keçirilməsi də memorandumda əks olunub.












