İranın keçmiş xarici işlər naziri, ölkənin ali rəhbərinin beynəlxalq məsələlər üzrə keçmiş müşaviri Əli Əkbər Vilayəti “Ettelaat” qəzetində “Açıq və səmimi şəkildə, cənab Baş nazirlə” başlıqlı məqalə dərc edib.

Globalinfo.az xəbər verir ki, məqalə Ermənistanın Baş naziri Nikol Paşinyana ünvanlanıb.

Vilayəti bildirib ki, 2 min ildən artıq tarixi olan İran–Ermənistan münasibətlərində indiyədək belə anomaliyalar müşahidə edilməyib:

“Xarici işlər naziri vəzifəsində çalışdığım dövrdə Ermənistana səfər etmişəm, ermənilərin mənəvi mərkəzi hesab edilən Üçkilsəyə (indiki Vağarşapat) getmişəm, tanınmış erməni alimləri, yepiskoplar və keşişlərlə görüşmüşəm.

İsfahana ilk səfərim zamanı ermənilərin yaşadığı Culfa rayonunda olmuşam və Şah Abbas Səfi tərəfindən ermənilər üçün tikdirilmiş Vank kilsəsini ziyarət etmişəm.

İran heç vaxt Ermənistanın və erməni xalqının müstəqilliyini təhlükə altına almayıb, iki ölkə arasındakı münasibətlər tarixən dostluq xarakteri daşıyıb”.

Vilayəti Ermənistanın 2018-ci il məxməri inqilabından sonra yürütdüyü siyasəti tənqid edib.

O, Paşinyan hökumətinin zərərli addımlarından birinin Azərbaycanla düşmənçiliyi dərinləşdirmək olduğunu deyib.

Sabiqin fikrincə, Paşinyanın son addımları Ermənistan üçün parçalanma və problemlər yaratmaqdan başqa nəticə verməyəcək.

Vilayəti Ermənistan hökumətini, xüsusilə ABŞ, Fransa və Böyük Britaniyanın siyasətinə tabe olmaqda ittiham edib.

Keçmiş diplomat Paşinyanın son addımlarından biri kimi “Zəngəzur dəhlizi” adlandırılan marşrutun “Tramp marşrutu” və ya TRIPP adlandırılması təklifini qəbul etməsini göstərib.

Vilayəti bildirib ki, İranın xarici işlər nazirinin müavini və Tehrandakı Ermənistan səfiri ilə ayrı-ayrı görüşlərində bu məsələ ilə bağlı mövqeyini açıq şəkildə ifadə edib:

“Ermənistan Rusiyanın Ukraynada müharibəyə cəlb olunmasını fürsət bilərək, Moskvanın Cənubi Qafqazın təhlükəsizliyinə əvvəlki qədər diqqət ayırmadığını düşünə bilər. Lakin İran, Rusiya ilə birlikdə və ya onsuz, regionun təhlükəsizliyinin qorunmasına cavabdehdir”.

Vilayəti 2021-ci ildə Tehranda keçirilən Astana sammitini də xatırladıb. Onun sözlərinə görə, həmin vaxt İranın ali rəhbəri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla səhər, Rusiya Prezidenti Vladimir Putinlə isə axşam görüşündə “Zəngəzur dəhlizinin” yaradılmasına qarşı olduqlarını açıq şəkildə bəyan edib.

Keçmiş nazir İranın bu mövqeyinin ölkənin strateji qərarlarında “qırmızı xətt” olduğunu vurğulayıb.

O əlavə edib ki, həmin görüşlərdən sonra İran Silahlı Qüvvələri genişmiqyaslı hərbi təlimlər keçirib və Baş Qərargah rəisi də əməliyyat zonasına səfər edərək ölkənin gücünü və qətiyyətini nümayiş etdirib.

Vilayəti Ermənistanın Tehrandakı səfirinə mövqeyini qəti şəkildə çatdırdığını bildirərək yazıb:

“Tramp və onun müttəfiqləri İranın bu qırmızı xəttini keçmək istəsələr, onların ayaqlarını qırarıq”.

Vilayəti məqaləsinin sonunda Paşinyanın və tərəfdarlarının bu addımını uğursuz qərar adlandırıb və bunun erməniləri utandıracağını bildirib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: