Azərbaycançılıq məfkurəsi milli həmrəyliyin və suveren dövlətçiliyin fundamental dayaq nöqtəsidir.
Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (AMQF) İdarə Heyətinin sədri Ramil İskəndərli “Azərbaycançılıq: milli birlik və həmrəylik düsturu” adlı ictimai müzakirə çərçivəsində səsləndirib.
Onun sözlərinə görə, Azərbaycan heç bir ölkənin forpostuna çevrilməyən, öz milli mənafelərinə söykənən müstəqil xarici siyasət həyata keçirən suveren dövlətdir: “Qlobal geosiyasi təzyiqlər, xarici ideoloji müdaxilələr, dezinformasiya və hibrid təhlükələr fonunda milli birliyin gücləndirilməsi, cəmiyyətin davamlılığının artırılması və dövlətçilik dəyərlərinin müdafiəsi QHT-lərin önəmli vəzifələri sırasındadır”.
AMQF İdarə Heyətinin üzvü Azər Allahverənov Ümummilli Lider Heydər Əliyevin azərbaycançılıq ideyasını dövlət siyasətinin səviyyəsinə qaldırmasından, milli-mənəvi irsin bərpası və dünya azərbaycanlılarının təşkilatlanması sahəsindəki misilsiz xidmətlərindən söz açıb.
O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında bu ideologiya yeni inkişaf pilləsinə yüksəlib, tarixi Zəfər isə milli birliyi və vətəndaş həmrəyliyini daha da möhkəm təməllər üzərində qurub.
AMEA-nın Şərqşünaslıq İnstitutunun direktor müavini, dosent Elnur Mustafayev bildirib ki, suverenliyin tam bərpasından sonra azərbaycançılıq ideologiyası Böyük Qayıdışın, multikultural ahəngin və gələcək tərəqqinin ideoloji əsasına çevrilib.
E.Mustafayev süni intellekt, rəqəmsal kommunikasiya və qloballaşma dövründə milli kimliyin mühafizəsinin aktuallığına diqqət çəkərək azərbaycançılığın elmi bazaya əsaslanan şəkildə tədqiq edilməsinin zəruriliyini önə çəkib.
Filologiya elmləri doktoru, professor, “Sönməz Məşəl” Mədəni Əlaqələr İB-nin sədri Şəhla Nağıyeva milli kimliyin, ana dilinin və mədəni irsin qorunmasında vətəndaş cəmiyyətinin fəal rolunun əhəmiyyətini vurğulayıb: “Azərbaycanın milli mənafelərinin beynəlxalq arenalarda təmsil olunması, mədəni irsimizə yönəlmiş təxribatlara vahid ictimai mövqeyin ortaya qoyulması və gənclərin milli ruhda tərbiyə edilməsi QHT sektorunun başlıca missiyaları arasındadır”.
Müzakirələr zamanı azərbaycançılıq ideologiyasının yalnız tarixi və mənəvi dəyər olaraq deyil, eyni zamanda müasir geosiyasi və informasiya çağırışları şəraitində milli həmrəyliyin, dövlət suverenliyinin və ictimai davamlılığın təmin edilməsində həlledici amil olduğu xüsusi olaraq qeyd edilib.
Tədbirin yekun hissəsində QHT rəhbərləri və mütəxəssislər fikir mübadiləsi aparıb, yeni təşəbbüslərlə əlaqədar təkliflərini irəli sürüblər.









