Azərbaycan ordusunun Təlim və Tədris Mərkəzindəki (TTM) mənimsəmə cinayəti ilə bağlı məhkəmə başlayıb.
Globalinfo.az bildirir ki, “Qafqazinfo”nun məlumatına görə, Bakı Hərbi Məhkəməsində ilk iclas keçirilib.
Bu iş üzrə 7 nəfər – “Salyanski kazarma” kimi tanınan TTM-in sabiq rəisi polkovnik Sarı Xəlilov, onun köməkçisi olmuş gizir Bəxtiyar Bəhrəmzadə, TTM-in maliyyə xidmətinin rəisi olmuş polkovnik-leytenant Rəşad Məlikzadə və müxtəlif vəzifələrdə işləmiş İbadulla Əliyev, Hacıağa Həmidov, Əfqan Yunusov, Ayaz Adamov mühakimə edilir. Onlardan yalnız R.Məlikzadə və İ.Əliyev həbsdədir.
Hazırlıq iclasında işə mahiyyəti üzrə baxılmır. Təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib, ilkin dinləmələr keçirilib.
Azərbaycan Hərbi Prokurorluğunda aparılmış istintaqla iş üzrə dəymiş ziyanın 207 min manat olduğu müəyyən edilib.
Əsas hakim Zeynal Ağayevin qərarı ilə cinayət işi məhkəmə baxışına verilib, 5 nəfərin sərbəst, 2 nəfərin həbsdə qalmasının davamına qərar verilib.
Yekunda ittiham olunduqları mütəşəkkil dəstə halında mənimsəmə maddəsi ilə təqsirli bilinsələr və ziyan ödənilməsə, hərbçiləri 10 ilə kimi həbs cəzası gözləyir.
Əsas iclas noyabrın 13-nə təyin edilib.
Qeyd edək ki, eks-TTM rəisi polkovnik Sarı Xəlilovun müdafiə nazirinin sabiq müavini general-leytenant Nizam Osmanovla yaxın dost olduqları bildirilir. Xəlilov elə Osmanov işdən çıxarılan vaxt təqaüdə göndərilmişdi.