1764096674 goy mescid

İranın Ermənistandakı səfirliyinin rəsmi sosial media hesabında İrəvanın Göy məscidi haqqında videomaterial yayımlanıb.

Paylaşımda tarixi faktlar birtərəfli və təhrif olunmuş şəkildə çatdırılıb. Göy məscidin XVIII əsrdə guya Əfşarlar sülaləsinin hakimiyyəti dövründə Hüseynəli xan tərəfindən inşa edildiyi qeyd olunub. Məscid İranın mədəni irsinin nümunəsi kimi təqdim olunur, onun İrəvan şəhərinin tarixindəki yeri isə İranın mədəni təsiri kontekstində izah edilir.

Tehran və İrəvanın bu addımı nəyə hesablanıb? Rəsmi Bakı məsələyə hansı səviyyədə reaksiya verməlidir?

Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, İrəvandakı Göy məscidin İranın mədəni irsi kimi təqdim edilməsi sadəcə tarixi abidə haqqında məlumatlandırma fəaliyyəti deyil, həm də müəyyən siyasi və ideoloji məqsədlərə xidmət edən addım kimi qiymətləndirilə bilər:

“Göy məscid XVIII əsrdə İrəvan xanı Hüseynəli xanın dövründə inşa edilib və İrəvanın Azərbaycan xanlıqları dövrünə aid tarixi-mədəni irsinin mühüm nümunələrindən biridir. Bu abidənin tarixinin yalnız İranın mədəni təsiri kontekstində təqdim edilməsi onun Azərbaycan tarixi ilə bağlılığının arxa plana keçirilməsi deməkdir. Burada diqqətçəkən məqam Tehranla İrəvanın tarixi irsin təqdimatında maraqlarının üst-üstə düşməsidir. Ermənistan üçün bu yanaşma İrəvanın Azərbaycan tarixi ilə bağlı izlərini zəiflətmək baxımından əlverişlidirsə, İran üçün regionun tarixi-mədəni irsi üzərində öz təsirini ön plana çıxarmaq vasitəsidir. Bununla belə, konkret paylaşımın iki dövlət arasında əvvəlcədən razılaşdırılmış addım olduğunu söyləmək üçün əlavə sübutlar lazımdır.

zuriye qarayeva 900x600 2
Züriyə Qarayeva 

Rəsmi Bakı bu məsələyə ilk növbədə diplomatik və elmi-tarixi müstəvidə prinsipial reaksiya verməlidir. Xarici İşlər Nazirliyi İran tərəfinə diplomatik kanallarla mövqeyini çatdırmalı, səfirliyin yaydığı məlumatın düzəldilməsini və abidənin tarixi mənsubiyyətinin obyektiv təqdim olunmasını tələb etməlidir. Eyni zamanda, Azərbaycan tarixçilərinin araşdırmaları, arxiv sənədləri və beynəlxalq mənbələr əsasında Göy məscidin tarixi haqqında müxtəlif dillərdə materialların hazırlanması vacibdir. Məsələnin mahiyyəti yalnız bir məscidin kimə məxsus olması ilə məhdudlaşmır. Söhbət İrəvanın tarixi yaddaşında Azərbaycan izlərinin qorunmasından və bu irsin beynəlxalq ictimaiyyətə düzgün çatdırılmasından gedir.

Azərbaycan–Ermənistan münasibətlərində sülh gündəliyinin müzakirə olunduğu bir dövrdə tarixi faktların siyasiləşdirilməsi qarşılıqlı etimadın formalaşmasına da mənfi təsir göstərə bilər. Buna görə Bakı emosional bəyanatlardan daha çox, tarixi sənədlərə söykənən ardıcıl diplomatik mövqe nümayiş etdirməlidir”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: