Himayəsində olan 15 yaşlı bacısı oğlu Ü.M-ə işgəncələr verərək xəsarətlər yetirməkdə təqsirləndirilən Günay Novruzova barəsində cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Globalinfo.az bildirir ki, Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namiq Kərimovun sədrliyi ilə keçirilən proses zərərçəkənin ifadəsi ilə davam edib.
Zərərçəkən B.S ailə probleminə görə G. Novruzovaya müraciət etdiyini bildirib:
“Günay mənə dedi ki, sənin özünə də əməl olunub, onu sənin ruhundan təmizləyə bilərəm. Bunun üçün ona 1200 manat pul verdim. Sonra dedi ki, “bu azdır, mən işimi qızılla görürəm. Amma ağ yox, sarı qızıl verməlisən”. Bu qadına ümumilikdə 360 min manat dəyərində qızıl vermişəm. Bu qadından şikayətçiyəm, dəyən ziyanın ödənilməsini istəyirəm”.
Təqsirləndirilən G. Novruzova bildirib ki, zərərçəkən şəxs problemlərinin həlli üçün özü onu axtarıb tapıb:
“Bu xanım gəlib yalvardı ki, qızımın oğlan dostu onun foto və videolarını “tik-tok”da yayıb, onların yoxa çıxmasında kömək edim. Sonra da gəlib dedi ki, “Günay, yaxın qohumum soyuq silahla tutulub, kömək elə ki, bu əngəldən çıxa bilək. Hər dəfə bir istəklə yanıma gəlirdi. Mən də pul və qızıl qarşılığında əməl edib iş görürdüm”.
Növbəti proses noyabrın 25-nə təyin olunub.
Xatırladaq ki, 2019-cu ildə Ü.M-un atası Vüsal Məmmədov həyat yoldaşı Fəridə Məmmədovanı övladlarının gözü önündə amansızcasına qətlə yetirib. Hadisədən sonra Ü.M-un xalası Günay Novruzova Sabunçu Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək, Ü.M və onun qardaşına qəyyum təyin edilməsini xahiş edib.
2025-ci ilin 1 sentyabr tarixində Ü.M-un məişət zorakılığına məruz qalması barədə daxil olmuş şifahi məlumata əsasən, hüquq-mühafizə orqanlarının məsul nümayəndələri ilə birlikdə ailənin yaşadığı ünvana baş çəkilib. Məlum olub ki, yeniyetmə qəyyumu ilə birgə Lənkərandadır, daha sonra polislər onları Bakıya gətirib. Günay Novruzovanın qəyyumluğuna xitam verilib və o, hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, təqsirləndirilən Günay Novruzova barəsində Cinayət Məcəllləsinin 133.2.4 (Əzabvermə – təqsirkar şəxs üçün aşkar xəstə, köməksiz və ya psixi pozuntu vəziyyətində olan, yaxud maddi, xidməti və ya başqa cəhətdən təqsirkar şəxsdən asılı olan şəxsə qarşı törədildikdə) 133.2.6 (xüsusi amansızlıqla, işgəncə verməklə törədildikdə) 178.3.2 (dələduzluq – külli miqdarda zərər vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.