“Diplomatlarımızın bir xahişini diqqətinizə çatdırmaq istəyirəm. Onlar qeyd edirlər ki, xidməti fəaliyyətlərini başa vurub ölkəyə qayıdarkən yalnız 35 min dollar dəyərində avtomobili vergilərdən azad olunmaqla gətirə bilirlər. Bu məbləğ isə olduqca azdır. Ən azı xaricdə xidmətdə olduqları müddətdə əldə etdikləri qazancın 50%-i həcmində avtomobil gətirmələrinə imkan verilməlidir”.
Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev deyib.
Deputat bildirib ki, dünyanın hər yerində diplomatlar üçün müəyyən imtiyazlar nəzərdə tutulur:
“Hesab edirəm ki, bu da onlar üçün belə bir imtiyaz kimi tətbiq edilməlidir. Burada böyük vəsaitdən söhbət getmir. Onların bu xahişini haqlı hesab edirəm və təklif edirəm ki, hökumət bu məsələni nəzərdən keçirsin.
Bundan başqa, hökumətin vəzifələrindən biri ölkədə siyasi plüralizmin gücləndirilməsinə dəstək vermək, vətəndaş cəmiyyətinin inkişafına yardım göstərməkdir. Bu məqsədlə həm siyasi partiyalara ayrılan vəsaitin, həm də qeyri-hökumət təşkilatlarına və mediaya dövlət dəstəyinin artırılmasını düzgün hesab edirəm.
Yaxud da siyasi partiyalar haqqında qanuna dəyişiklik edilməlidir. Çünki hazırkı bölgüyə əsasən, vəsaitlərin böyük hissəsi parlamentdə çoxluq təşkil etdiyinə görə hakim partiyaya ayrılır”.
Deputat qeyd edib ki, az təminatlı təbəqənin sosial müdafiəsinin gücləndirilməsi ilə yanaşı, elm işçilərinin, xüsusilə də onların maaşlarının artırılmasına diqqət yetirilməlidir:
“Burada 28,4 milyon manatlıq artımdan, yəni vəsaitin 257,9 milyon manata çatdırılmasından söhbət gedir. Hesab edirəm ki, bu, yetərli deyil.
Bir daha diqqətinizi Dövlət Gömrük Komitəsinin xətti ilə toplanan vəsaitlərlə bağlı məsələyə yönəltmək istəyirəm. Qeyd etdiyim kimi, idxalda 20%-dən artıq azalma varsa, gələn ilin büdcə zərfində Dövlət Gömrük Komitəsinin xətti ilə 6 milyard 865 milyon manat vəsaitin toplanması, yəni büdcə gəlirlərində bu qədər pay nəzərdə tutulması hansı əsasla hesablanıb? Bu məbləğ cari illə müqayisədə hətta 3 milyard manat çoxdur.
Bu, kiçik və orta sahibkarlığın daha da çətin vəziyyətə düşməsinə səbəb olmayacaqmı? Hesab edirəm ki, bu proqnozun ciddi əsaslandırılması olmalıdır”.
Safura Bənnayeva
Globalinfo.az