“Baş nazirə, nazirlərimizə dəfələrlə müraciət etmişəm. Neftçala Rayon icra hakimiyyəti də bunu edib. Rayonun iki əsas ərazisinə qaz çəkilmir. Qazlaşdırılmalı olan ərazilər çoxdur, onların hamısını burada sadalamaq istəmirəm. Amma Qarabəlli massivinə qaz çəkilmir. Bunun səbəbini əvvəlcə bilmirdim, sonra araşdırdıq”.
Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı deyib.
“Yolun bu tərəfi, yəni sağ tərəfi qazlaşdırılıb, sol tərəfi isə müxtəlif bəhanələrlə qazlaşdırılmır. Məlum oldu ki, texniki şərt hazırlanıb və bunun üçün 183 min manat vəsait lazımdır. Yəni, yaxın 3 ildə heç olmasa bu əraziyə qaz çəkiləcəyinə dair mənə söz verən yoxdur.
İkinci problem Yeni Qışlaq qəsəbəsi ilə bağlıdır. Bir xanım olaraq deyirəm ki, orada qadınlar qazsızlıqdan çox əziyyət çəkirlər. Baxın, hər fəsil özü ilə yeni problemlər gətirir. Yay aylarında susuzluqdan əziyyət çəkirlər, indi isə qış gəlir. Mən rayona görüşə gedəcəyəm, amma həmin ərazidə görüş keçirməyə ehtiyat edirəm. Çünki sakinlər məndən qaz problemini soruşacaqlar.
Biz Qarabağ zəfəri qazanmış qüdrətli bir dövlətik. Ölkəmizin siyasi rəhbəri Azərbaycan dövlətinə və xalqına dünyada hörmət qazandıran liderdir. Düşünürəm ki, onun bu böyük əməyinə kölgə salmağa bizim haqqımız yoxdur. Bəlkə də, söhbət kiçik məbləğlərdən gedir, amma belə məsələlərə görə böyük narazılıqların yaranmasına yol vermək olmaz”.
Safura Bənnayeva
Globalinfo.az