Şimali Kipr Türk Respublikasından olan tanınmış siyasətçi İlay Aksoyun Türkiyə-Azərbaycan münasibətlərindəki son vəziyyət fonunda paylaşdığı video diqqət çəkib.
Globalinfo.az xəbər verir ki, Aksoy bir Azərbaycan vətəndaşının sözügedən məsələ ilə bağlı ona məktub göndərdiyini bildirib.
Siyasətçi məktubu olduğu kimi oxuyaraq məzmunu izləyicilərinə çatdırıb. O, mövcud durumda Bakının mövqeyinin doğru olduğunu və son 2 ildə Azərbaycana qarşı davranışın yanlış olduğunu bildirib.
Aksoya gələn məktubda Ankaranın Bakıya qarşı 2024-cü ildən etibarən qərəzli davranış sərgilədiyi qeyd olunur. Məktubda iki ölkə arasındakı münasibətlər yaşananlar detallı şəkildə açıqlanır:
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türk Dövlətləri Təşkilatının 2024-cü ildə Şuşada keçirilən Zirvə görüşünə qatılmadığını xatırlatmaq istəyirəm. Hollandiyaya futbol matçı izləməyə getmişdi. Kimsə futbolunmu, yoxsa qardaşlıq Zirvəsininmi daha təhlükəsiz olduğunu vurğulamadı. Həmin vaxt Azərbaycanda bu məsələyə dair heç bir fikir bildirilməmişdi. Lakin məsələ bununla bitmir.
Türkiyə uzun müddətdir davam edən diplomatik ənənələri pozan və ikili münasibətlərdə qarşılıqlı hörmət səviyyəsini aşağı endirən ilk ölkə oldu. Ankara uzun müddətdir davam edən ənənəni pozdu. Diplomatik protokoldakı dəyişikliklər Türkiyə tərəfinin addımı ilə başladı. Ankara 28 mayda Azərbaycanın Müstəqillik Günü tədbirlərində iştirak üçün daha aşağı səviyyəli bir rəsmi şəxsi – nəqliyyat naziri Abdulkadir Uraloğlunu göndərdi. Lakin Türkiyə əvvəllər belə tədbirlərdə daha yüksək rütbəli dövlət adamları səviyyəsində təmsil olunurdu, məsələn, TBMM sədri və ya prezidentin köməkçisi. Eyni zamanda Türkiyə Xarici İşlər Nazirliyi həmin gün Azərbaycan səfirliyinin ölkədə simvolik obyekt və binaların Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılması tələbini də rədd etdi. Həmin ana qədər Azərbaycan sadəcə belə tələblərlə kifayətlənmişdi, lakin bu simvolik jest tələbinin rədd edilməsi bir əmsal formalaşdırdı.
Bakının mövqeyi qarşılıqlılıq prinsipinə əsaslanan bir ayna reaksiyasıdır. Buna uyğun olaraq Azərbaycandakı Türkiyə səfirliyində keçirlən tədbirdə rəsmi Bakı hər zaman olduğu kimi Milli Məclisin sədri Sahibə Qafarova səviyyəsində deyil, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev səviyyəsində təmsil olundu. Bakı Ankaraya eyni diplomatik səviyyədə qarşılıqlılıq prinsipinə uyğun şəkildə cavab verib. Ankaranın davranışı müttəfiqlik üçün həssas məsələlərə qeyri-ciddi yanaşması ilə xarakterizə olunur. “Tək millət, iki dövlət” formulu hər iki tərəf üçün məsuliyyət deməkdir və qardaşlıq əlaqələri birliyin digər üzvünə qarşı diplomatik qaydalara uymamaq, həmçinin dövlət simvollarına və tarixinə hörmətsizlik etmək haqqı tanımır. Yəni bu böhran 2024-cü ildə başlayıb”.
Kıbrıslı siyasətçi bu məktubda vurğulanan bütün detallarının əsaslı olduğunu söyləyib. O, həmçinin Türkiyənin xarici işlər naziri Hakan Fidanın Bakıda keçirilən BMT tədbirində İsrail Prezidenti İsaq Hersoqun çıxışı zamanı zalı tərk etməsinin yanlış addım olduğunu deyib.
Əliyar Xəlil
Globalinfo.az