Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın yeni kütləvi hücuma hazırlaşdığını bildirib.
Zelenskinin sözlərinə görə, əsasən enerji və logistika obyektləri risk altındadır. O, Ukraynanın Rusiyanın hazırladığı hücuma mütləq cavab verəcəyini söyləyib.
Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, ABŞ-ın danışıqlar prosesində artan iştirakçılığı ilə Rusiya-Ukrayna müharibəsində növbəti mərhələnin başladığını söyləmək mümkündür:
“Artıq tərəflər yalnız döyüş meydanında deyil, diplomatik müstəvidə də öz mövqelərini maksimum dərəcədə gücləndirməyə çalışırlar. Görünən odur ki, həm Moskva, həm də Kiyev danışıqlar masasına daha əlverişli şərtlərlə oturmaq üçün son kartlarını oynayır. Bu baxımdan, qarşıdakı dövrdə hərbi əməliyyatların səngiməsindən daha çox, qarşılıqlı hücumların intensivləşməsi ehtimalı yüksəkdir.
Xüsusilə Ukrayna Prezidenti Volodimir Zelenskinin ərazi və siyasi güzəştlərə getmək istəməməsi Kiyevin hələlik geri çəkilmək niyyətində olmadığını göstərir. Zelenski anlayır ki, müharibənin hazırkı mərhələsində ediləcək güzəştlər təkcə ərazi itkisi ilə məhdudlaşmaya, Ukraynanın gələcək təhlükəsizlik arxitekturasını və dövlət olaraq geosiyasi mövqeyini də zəiflədə bilər. Digər tərəfdən, Rusiya da müharibənin əvvəlində qarşısına qoyduğu məqsədlərin hamısına nail olmayıb və əldə etdiyi hərbi mövqeləri danışıqlarda əsas təzyiq vasitəsinə çevirməyə çalışır. Beləliklə, tərəflərin mövqeləri arasında ciddi ziddiyyət qalır və bu, kompromis imkanlarını məhdudlaşdırır.
Rusiyanın indiyədək Ukrayna ərazisinə endirdiyi kütləvi raket və dron zərbələri, xüsusilə enerji infrastrukturu və yaşayış məntəqələrinin hədəfə alınması müharibənin yalnız cəbhə xətti ilə məhdudlaşmadığını göstərir. Moskvanın bu strategiyası Ukraynanın hərbi imkanlarını zəiflətməklə yanaşı, əhalinin gündəlik həyatını çətinləşdirmək, cəmiyyətdə müharibədən yorğunluğu artırmaq və nəticədə hakimiyyətə qarşı narazılıq formalaşdırmaq məqsədi də daşıya bilər. Lakin görünən odur ki, Ukrayna cəmiyyətində belə təzyiqlərə qarşı müəyyən psixoloji və sosial immunitet yaranıb. İnsanlar uzun müddətdir müharibə şəraitində yaşamağa uyğunlaşıb və raket hücumları, enerji problemləri, itkilər cəmiyyətin müqavimət əzmini gözlənilən səviyyədə sarsıtmayıb”.

Kənan Novruzov
Siyasi şərhçi qeyd edib ki, bu, Ukrayna cəmiyyətində müharibə yorğunluğunun olmadığı anlamına gəlmir:
“İllərlə davam edən müharibə, insan itkiləri, iqtisadi çətinliklər və məcburi köçkünlük istənilən cəmiyyətdə müəyyən narazılıqlar yaradır. Ancaq həmin narazılıqların avtomatik olaraq hakimiyyət əleyhinə kütləvi siyasi etiraza çevriləcəyini düşünmək doğru olmaz. Əksinə, xarici hərbi təzyiq bəzi hallarda cəmiyyətin hakimiyyət ətrafında daha sıx birləşməsinə də səbəb olur.
Mənim fikrimcə, müharibənin yaxın perspektivdə başa çatacağını gözləmək üçün hələ ciddi əsaslar yoxdur. ABŞ-ın danışıqlardakı fəallığı müəyyən diplomatik imkanlar yaratsa da, Vaşinqtonun tərəfləri ortaq məxrəcə gətirmək üçün göstərdiyi səylər hələlik Moskva və Kiyevin fundamental mövqelərini dəyişməyib. Bu səbəbdən qarşıdakı mərhələdə tərəflərin həm cəbhədə, həm də diplomatik masada təzyiq vasitələrini artırmağa çalışması mümkündür. Başqa sözlə, danışıqların intensivləşməsi müharibənin dərhal dayanacağı demək deyil. Əksinə, tərəflər razılaşmadan əvvəl mövqelərini gücləndirmək üçün daha sərt hərbi addımlara əl ata bilərlər. Ona görə də hesab edirəm ki, Rusiya-Ukrayna müharibəsi hələ davam edəcək və yaxın dövrdə onun taleyini müəyyənləşdirəcək əsas amil diplomatik bəyanatlardan daha çox, tərəflərin döyüş meydanında əldə edəcəyi nəticələr olacaq”.
Turan Rzayev
Globalinfo.az