Elm və təhsil nazirinin müavini Firudin Qurbanov APA-ya müsahibəsində gələcəyin gənclərinin necə formalaşdırılmalı olduğundan danışıb. O, Prezident İlham Əliyevin gənclər qarşısında qoyduğu vəzifələrə diqqət çəkərək, XXI əsrin çağırışlarına cavab verən, bilikli, yaradıcı düşüncəyə malik, milli-mənəvi dəyərlərə hörmətlə yanaşan və dövlət qarşısında məsuliyyətini dərk edən nəslin yetişdirilməsinin vacibliyini vurğulayıb.
Bu baxımdan məktəbin və müəllimin üzərinə düşən məsuliyyət xüsusi əhəmiyyət daşıyır. Məktəb yalnız bilik verilən təhsil müəssisəsi deyil, həm də tərbiyə məkanıdır. Bu gün məktəbdə çalışan hər bir insan davranışı və zahiri görünüşü ilə təkcə şagirdlərə deyil, bütövlükdə cəmiyyətə nümunə olmalıdır.
Bəs müəllimin davranışı və zahiri görünüşü şagirdlərin tərbiyəsinə, gələcək nəslin formalaşmasına necə təsir göstərir?
Globalinfo.az-a danışan deputat Ceyhun Məmmədov deyib ki, şəxsiyyətin formalaşmasında, gənclərin tərbiyəsində iki mühüm institut ciddi rol oynayır:
“Bu məsələdə əsas təsir mexanizmləri məktəb və ailədir. Həm müəllimlərin, həm də valideynlərin davranışları uşaqların dünyagörüşünün, dəyərlərinin və şəxsiyyətinin formalaşmasında mühüm rol oynayır. Bu baxımdan, müəllimin geyim tərzi və davranış mədəniyyəti də xüsusi əhəmiyyət daşıyır. Pedaqoqların yol verdiyi hər hansı yanlış davranış şagirdlərə mənfi təsir göstərməklə yanaşı, gələcəkdə daha ciddi problemlərin yaranmasına zəmin yarada bilər. Məhz buna görə müəllimlərin üzərinə yalnız tədris prosesi ilə bağlı deyil, həm də gənc nəslin düzgün formalaşdırılması baxımından böyük məsuliyyət düşür”.
Ceyhun Məmmədov
C.Məmmədovun fikrincə, müəllim səliqəli və nümunəvi geyinməli, öz tərbiyəsi, əxlaqı, davranışı ilə şagirdlərinə nümunə olmalıdır:
“Müəllimin xarici görünüşü, geyim tərzi, davranışı və cəmiyyətə münasibəti şagirdlərin formalaşmasında mühüm rol oynayır. Çünki şagirdlər yalnız dərs prosesində öyrədilən bilikləri deyil, həm də müəllimin gündəlik davranışlarını, ünsiyyət mədəniyyətini və nümayiş etdirdiyi münasibəti mənimsəyirlər. Müəllim hər addımında, hərəkətində və söylədiyi fikirlərdə nümunə olduğunu unutmamalıdır. Bu baxımdan, pedaqoqlar öz davranışlarına, geyimlərinə və ictimai mövqelərinə xüsusi diqqət yetirməlidirlər. Əks halda, yol verilən nöqsanlar şagirdlərin dünyagörüşünün, dəyərlərinin və şəxsiyyət kimi formalaşmasının yanlış istiqamətə yönəlməsinə səbəb ola bilər. Unutmamalıyıq ki, bu gün məktəbdə formalaşan davranış və düşüncə tərzi sabah cəmiyyətin gələcəyini müəyyənləşdirir”.
Zaira Akifqızı
Globalinfo.az