es1

İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa, quruculuq işləri ilə bağlı məmurların fəaliyyəti və dövlət vəsaitlərinin xərclənməsinə nəzarət məsələsi yenidən gündəmə gəlib. Xankəndi, Ağdərə və Xocalı üzrə sabiq xüsusi nümayəndə Elçin Yusubovun istintaqa cəlb edilməsi haqda yayılan xəbərlər, eləcə də Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Leysan Məmmədovun vəzifədən azad olunması bu sahədəki yoxlamaların əhatəsi ilə bağlı suallar yaradıb.

Sözügedən şəxslər həbs edilə bilərmi? Bu hadisələrdən sonra işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq, təmir-tikinti işləri total şəkildə rəsmi qurumlar tərəfdən yoxlanılmalıdır?

Globalinfo.az-a danışan hüquqşünas Əkrəm Həsənov deyib ki, əgər onların əməllərində cinayət tərkibi varsa, xüsusilə korrupsiya, mənimsəmə və digər ağır hallar müəyyən edilərsə, bu, həbslə nəticələnə bilər:

“Lakin Azərbaycanda son illər belə bir tendensiya müşahidə olunur ki, korrupsiyada ittiham edilən məmurlar barəsində həbs tədbiri görülmədən, mənimsədikləri vəsaitin geri qaytarılması tələb olunur. Üstəlik, söhbət yalnız üzə çıxan əmlaklardan getmir. Mümkündür ki, bəzi əmlaklar ölkədən xaricə çıxarılsın. Bütün bunlar isə yalnız yoxlama əsasında aydınlaşdırıla, nə qədər mənimsəmə hallarının olduğu müəyyənləşdirilə bilər”.

ekrem hesenov

Əkrəm Həsənov

Hüquqşünas bildirib ki, azad edilmiş ərazilərdə həyata keçirilən layihələrdə qanun pozuntusun araşdırmaq üçün ətraflı yoxlama aparılmalıdır:

“İstintaq gedirsə, təbii ki, müvafiq yoxlamalar da həyata keçirilməlidir. Təəssüf doğuran məqam isə odur ki, hətta işğaldan azad edilmiş ərazilərdə belə bu cür qanunsuz hallara, mənimsəmə faktlarına və korrupsiyaya rast gəlinir”.

Qeyd edək ki, 22 oktyabrda Prezident İlham Əliyevin sərəncamı ilə Elçin Yusubov Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edilib. Bundan iki gün sonra, yerli media onun Maliyyə Nazirliyinin nümayəndəliyin fəaliyyətində apardığı yoxlamalarla əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə çağırıldığı barədə məlumat yayıb. Xəbərdə yoxlama zamanı maliyyə pozuntularının və kənar xərclərin aşkarlandığı, materialların prokurorluğa göndərildiyi bildirilir.

Oktyabrın 29-da isə Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Leysan Məmmədovun vəzifəsindən azad edildiyi açıqlanıb. Bildirilib ki, bu qərar Maliyyə Nazirliyinin yoxlamalarından sonra verilib.

Ləman İmran
Globalinfo.az

Paylaş: