Hər il oktyabrın 31-də dünyanın müxtəlif şəhərlərinin küçələri qəribə mənzərəyə çevrilir: vitrinlərdə balqabaqdan hazırlanmış qorxunc üzlər, qapılarda süni hörümçək torları, küçələrdə vampirlər, cadugərlər, skeletlər, zombilər və digər fantastik obrazlar görünür. Uşaqlar qapıları döyərək şirniyyat istəyir, böyüklər kostyum gecələrinə qatılır, restoranlar və əyləncə məkanları xüsusi proqramlar hazırlayır. Maraqlıdır ki, bu günün iştirakçılarının böyük əksəriyyəti “Halloween”in əsl tarixini, nə üçün məhz oktyabrın 31-də qeyd edildiyini və balqabağın bu bayramın əsas simvoluna necə çevrildiyini bilmir.
Daha ilginc məqam isə budur: vaxtilə ölülərin ruhları, qışın gəlişi və fövqəltəbii qüvvələrlə əlaqələndirilən bu mərasim necə oldu ki, müasir dünyanın ən böyük kommersiya və əyləncə hadisələrindən birinə çevrildi? Üstəlik, ənənəvi olaraq bu bayrama aid olmayan Səudiyyə Ərəbistanı və Azərbaycan kimi ölkələrdə də niyə maraq doğurmağa başladı?
“Halloween”in tarixini araşdırdıqda məlum olur ki, söhbət sadəcə qorxulu kostyumlardan və balqabaqlardan getmir. Bu bayram minilliklər ərzində dinin, folklorun, miqrasiyanın, iqtisadiyyatın və populyar mədəniyyətin təsiri ilə dəyişmiş mürəkkəb bir hadisədir.
“Halloween”in kökləri qədim Kelt xalqlarının Samhain (təxminən “Sauin” kimi tələffüz olunur) adlanan mövsümi mərasiminə gedib çıxır. Keltlər əsasən indiki İrlandiya, Şotlandiya, Uels və Britaniya adalarının digər ərazilərində, eləcə də Qərbi Avropanın bəzi hissələrində yaşayırdılar. Onların həyatında təbiətin dövrləri xüsusi əhəmiyyət daşıyırdı. Əkinçilik və heyvandarlıqla məşğul olan bu xalqlar üçün yaydan qışa keçid sadəcə hava dəyişikliyi deyildi. Bu, həm də məhsul mövsümünün başa çatması, heyvanların bir qisminin kəsilməsi, soyuq və qaranlıq dövrün başlanması demək idi.
Samhain məhz bu keçidi ifadə edirdi. Təqvimdə oktyabrın sonu – noyabrın əvvəlinə təsadüf edən mərasim zamanı keltlər hesab edirdilər ki, canlılar dünyası ilə ruhlar aləmi arasındakı sərhəd zəifləyir. Onların inanclarına görə, həmin gecə ölən insanların ruhları, eləcə də müxtəlif fövqəltəbii varlıqlar insanların yaşadığı dünyaya qayıda bilərdi.
İnsanlar bu qüvvələrdən qorunmaq üçün böyük tonqallar qalayır, müxtəlif maskalar taxır, heyvan dərilərindən hazırlanan geyimlərdən istifadə edir və yemək qurbanları təqdim edirdilər. Burada maraqlı bir detal var: qədim insanların qorxulu görünüşlü geyimlər geyinməsinin səbəbi yalnız əylənmək deyildi. İnanclara görə, insan özünü ruhlara bənzədərsə, onlar onu tanımaya və narahat etməyə bilərdilər.
Beləliklə, bu gün “Halloween”in ən məşhur atributlarından biri olan maskalanma ənənəsinin kökləri qorxudan və fövqəltəbii qüvvələrdən qorunmaq istəyindən qaynaqlanır.
“Halloween” sözünün mənşəyi də maraqlıdır.
Bu söz ingilis dilindəki “All Hallows’ Eve” ifadəsindən yaranıb. Mənası “Bütün Müqəddəslər Gecəsi” deməkdir. Xristian ənənəsində noyabrın 1-i bütün müqəddəslərin yad edildiyi “All Saints’ Day” bayramıdır. Ondan əvvəlki axşam isə “All Hallows’ Eve” adlandırılırdı. Zaman keçdikcə bu ifadə qısalaraq “Halloween” formasını alıb.
Burada tarixi bir paradoks meydana çıxır: “Halloween”in qədim kökləri xristianlıqdan əvvəlki kelt inancları ilə əlaqələndirilir, amma müasir adının formalaşmasında xristian ənənəsi mühüm rol oynayıb.
VII–VIII əsrlərdə Qərb xristian dünyasında müqəddəslərin yad edilməsi ilə bağlı mərasimlər noyabrın 1-i ətrafında formalaşdı və möhkəmləndi. Noyabrın 2-si isə sonradan vəfat edənlərin ruhlarının yad edildiyi “All Souls’ Day” kimi tanındı. Müasir “Halloween”i balqabaqsız təsəvvür etmək mümkün deyil. Ancaq maraqlıdır ki, qədim “Halloween” ənənələrində əsas fənər heç də balqabaqdan hazırlanmırdı. Bu simvolun arxasında İrlandiya folkloruna aid “Stingy Jack” – Xəsis Cek adlı bir əhvalat dayanır.
Əfsanəyə görə, Cek adlı hiyləgər bir adam şeytanı bir neçə dəfə aldadır. Öldükdən sonra isə nə cənnətə, nə də cəhənnəmə qəbul olunur. Nəticədə ruhu qaranlıqda dolaşmağa məhkum edilir. Ona yolunu işıqlandırmaq üçün köz verilir və Cek bu közü oyulmuş şalğamın içərisinə yerləşdirir. İrlandiyalılar və şotlandlar bu əfsanədən təsirlənərək şalğam və digər kök tərəvəzlərin içərisini oyub içərisinə şam yerləşdirirdilər. Məqsəd qorxulu simvollar yaratmaq və pis ruhları uzaqlaşdırmaq idi.
XIX əsrdə irlandiyalı mühacirlər Amerikaya köçəndə bu ənənəni də özləri ilə apardılar. ABŞ-da şalğamdan daha böyük, yumşaq və asan oyulan balqabaqdan istifadə etmək daha rahat idi. Beləliklə, balqabaq “Halloween”in əsas simvoluna çevrildi
“Halloween”in qlobal populyarlığının əsas dönüş nöqtələrindən biri XIX əsr oldu. 1840-cı illərdə İrlandiyada baş verən böyük aclıq nəticəsində yüz minlərlə insan ABŞ-a mühacirət etdi. Onlar özləri ilə yalnız əşyalarını deyil, folklorlarını, bayramlarını və ənənələrini də gətirdilər.
Beləliklə, “Halloween” Amerika cəmiyyətində yayılmağa başladı.
Lakin onun indiki formasını alması üçün daha bir neçə onillik lazım idi. Əvvəllər bayramın qorxulu və mistik tərəfi daha çox ön planda olsa da, XX əsrdə o, ailə və uşaqlar üçün əyləncə xarakteri almağa başladı.
Xüsusilə İkinci Dünya müharibəsindən sonra “Halloween”in populyarlığı sürətlə artdı. Müharibə dövründə şəkər qıtlığı səbəbindən şirniyyat paylamaq çətinləşmişdi. Müharibədən sonra isə həm iqtisadi vəziyyət yaxşılaşdı, həm də şəhərətrafı yaşayış məntəqələri genişləndi. Uşaqların evdən-evə gəzərək şirniyyat toplaması daha əlçatan oldu.
Bu ənənə “Trick or Treat” adını aldı. Təxminən “Şirniyyat ver, yoxsa oyun çıxararam” kimi tərcümə edilə bilər.
Burada daha bir maraqlı məqam var: “Halloween”in kommersiyalaşması onun qorxulu mahiyyətini zəiflədərək əyləncə məhsuluna çevrilməsində mühüm rol oynadı.
Kostyum istehsalçıları, şirniyyat şirkətləri, kinostudiyalar, restoranlar, əyləncə parkları və ticarət mərkəzləri bu bayramı böyük bazara çevirdilər.
Amerika filmləri və serialları isə “Halloween”i dünyanın müxtəlif ölkələrində yaşayan insanlar üçün tanış bir mədəni hadisəyə çevirdi. Artıq bir çox insan bu bayramı dini və ya tarixi səbəbdən deyil, filmlərdə gördüyü obrazları canlandırmaq, dostları ilə əylənmək və fərqli atmosfer yaşamaq üçün qeyd edir.
“Halloween” haqqında danışarkən Səudiyyə Ərəbistanını misal göstərmək xüsusilə maraqlıdır. Çünki bu ölkə uzun müddət ictimai həyatın dini qaydalarla ciddi şəkildə tənzimləndiyi, qeyri-islam bayramlarının açıq şəkildə qeyd edilməsinin geniş yayılmadığı cəmiyyətlərdən biri olub.
Ancaq son illərdə ölkədə əyləncə sənayesinin inkişafı, turizm sektoruna investisiyalar və ictimai həyatdakı dəyişikliklər “Halloween” kimi xarici mənşəli tədbirlərə münasibətin də dəyişməsinə şərait yaradıb.
Bu dəyişikliyi anlamaq üçün 2018-ci ilə nəzər salmaq kifayətdir.
Həmin ilin oktyabrında Ər-Riyadda özəl “Halloween” şənliyi polis tərəfindən dağıdılmışdı. Tədbirdə iştirak edən bir sıra əcnəbilər saxlanılmış, hadisə ölkə daxilində və beynəlxalq mediada geniş müzakirələrə səbəb olmuşdu. Səbəb təkcə “Halloween”in dini baxımdan mübahisəli hesab edilməsi deyildi: polis icazəsiz tədbir, səs-küy və ictimai qaydanın pozulması ilə bağlı da araşdırma aparırdı.
Bu hadisə göstərirdi ki, “Halloween” Səudiyyə Ərəbistanında hələ də sosial və dini müzakirə predmetidir. Lakin cəmi bir neçə il sonra mənzərə dəyişməyə başladı.
2022-ci ilin oktyabrında Ər-Riyadda keçirilən “Scary Weekend” tədbiri bunun diqqətçəkən nümunələrindən biri oldu. Səudiyyə Ərəbistanının paytaxtındakı Boulevard əyləncə məkanına qorxulu kostyumlarda gələn iştirakçılara xüsusi şərtlərlə pulsuz giriş imkanı yaradılmışdı. Tədbir yalnız əcnəbilər üçün nəzərdə tutulmamışdı, yerli sakinlər də kostyumlarla iştirak edirdilər.
“Arab News”un 30 oktyabr 2022-ci il tarixli reportajında bu tədbir Krallıqda yaşayan insanların və yerli iştirakçıların qeyri-adi geyimlərini nümayiş etdirdiyi, əyləncə və yaradıcılığa həsr olunan bir hadisə kimi təqdim edilirdi.
Azərbaycanın “Halloween” ilə bağlı təcrübəsi Səudiyyə Ərəbistanından müəyyən mənada fərqlənir. Burada söhbət dini və ictimai qadağalardan daha çox, qloballaşma, gənclərin maraqları, sosial media və əyləncə bazarının genişlənməsindən gedir.
“Halloween” Azərbaycanda ənənəvi milli bayram deyil. Onun yerli tariximizdə Samhain və ya All Hallows’ Eve ilə bağlı qədim mərasim kimi mövcudluğuna dair etibarlı tarixi sübut yoxdur.
Buna baxmayaraq, son illərdə xüsusilə Bakıda “Halloween”ə marağın artdığı müşahidə olunur.
Bir çox insan “Halloween” obrazları ilə ilk dəfə real həyatda deyil, Hollivud filmlərində, Amerika seriallarında və animasiyalarda tanış olub.
Məsələn, Hocus Pocus, Wednesday, The Addams Family və müxtəlif qorxu filmləri Halloween estetikasını beynəlxalq auditoriyaya tanıdıb. Beləliklə, ABŞ-da müəyyən tarixi və mədəni kökləri olan bayram Azərbaycan gəncləri üçün də tanış vizual mədəniyyətə çevrilib.
“Halloween”in uşaqlar arasında yayılması da marağın artmasına təsir göstərir. Məktəb və bağçalarda təşkil olunan tematik tədbirlər uşaqlara fərqli geyimlər geyinmək, əl işləri hazırlamaq, ingilis dilində yeni sözlər öyrənmək və əylənmək imkanı yaradır. Ancaq bu tendensiyanın bütün Azərbaycan cəmiyyətini əhatə etdiyini demək düzgün olmaz. Daha çox şəhər mühitində, xüsusilə Bakıdakı müəyyən gənclər və əyləncə məkanları arasında görünən bir maraqdan söhbət gedir.
“Halloween”in tarixçəsi göstərir ki, heç bir mədəni ənənə həmişə eyni formada qalmır. İnsanların inancları, həyat tərzi, iqtisadi münasibətləri və dünyagörüşü dəyişdikcə mərasimlər də dəyişir.
“Halloween” də bu prosesin nümunəsidir. Qədim keltlərin qışın gəlişi ilə əlaqələndirdiyi, ruhlar aləmi haqqında inanclarla müşayiət olunan Samhain mərasimi zamanla xristian ənənələri ilə birləşib, Avropadan Amerikaya keçib və nəhayət, qlobal əyləncə hadisəsinə çevrilib.
Digər tərəfdən sözügedən bayramın uşaqların psixologiyasına təsiri ilə bağlı narahatlıqlar da var.
Globalinfo.az-a danışan psixoloq Gülnar Orucova deyib ki, bu cür şənliklər xarici ölkələrdə adi qarşılansa da, Azərbaycanda hələ də bunu normal hesab etməyən insanlar var:
“Uşaq beyni reallıqla illüziyanı, yəni xəyali olanı bir-birindən ayıra bilmir. Bu cür görüntülər uşaqlarda qorxu və təşviş yarada bilər. Belə tədbirlərdə zorakılıq və şiddət normallaşdırılır. Qidaların və aksesuarların, məsələn, kəsilmiş barmaq formasında sosiskaların qorxunc görünüşə salınması uşaqlarda gələcəkdə bu cür görüntüləri adi qəbul etmək vərdişi formalaşdıra bilər. Uşaqlar gördüklərini normal hesab edə, hətta dostlarına qarşı da tətbiq etməyə çalışa bilərlər. Bu isə bir ailə üçün faciəvi nəticələrə səbəb ola bilər.
Fikrimcə, bu cür şənliklər Azərbaycanda qadağan olunmalıdır. Ticarət mərkəzləri və restoran şəbəkələri bu tədbirlər vasitəsilə özlərinə müştəri cəlb edirlər. Lakin bunun gələcəkdə çoxsaylı fəsadları ola bilər. Valideynlər bəzən bu bayramın mahiyyətini uşaqlara izah etməkdə çətinlik çəkirlər. Bu cür tədbirlər uşaqlarda emosional həssaslıq və narahatlıq yarada bilər. Yuxu problemləri, kabuslar, eləcə də zorakılığa meyillilik ehtimalı artır. Uşaq böyüklər kimi düşünmür, gördüyü hər şeyi təkrarlaya biləcəyini zənn edir”.
Gülnar Orucova
Psixoloq qeyd edib ki, valideynlər diqqətli olmalı, uşaqlarını bu cür tədbirlərə aparmamalı, onların üzünü və bədənini qorxunc obrazlarda bəzəməməlidirlər:
“Uşaqları əyləndirmək üçün daha fərqli məkanlara aparmaq olar. Onlara təbiəti göstərmək, kitab təqdimatlarına qatılmaq, inkişaflarına töhfə verəcək tədbirlərdə iştirak etmələrini təmin etmək lazımdır. Əks təqdirdə, bu cür bayramlarda iştirak edən uşaqlardan gələcəkdə mərhəmət gözləmək düzgün olmaz. Çünki onlarda mərhəmət hissi zəifləyə, hətta itə bilər”.
Safura Bənnayeva
Globalinfo.az