Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Rusiya ilə mümkün sülh danışıqlarında ərazi güzəştlərinə getməyəcəyini bəyan edib.
Globalinfo.az xəbər verir ki, o, bu barədə Türkiyəyə səfəri zamanı “CNN Türk” telekanalına müsahibəsində danışıb.
Zelenski bildirib ki, Krım da daxil olmaqla, Rusiyanın nəzarətində olan Ukrayna torpaqlarının Moskvaya məxsus olduğunu qəbul etmək mümkün deyil.
Onun sözlərinə görə, bu, Ukrayna cəmiyyətinin iradəsinə və ölkə Konstitusiyasına ziddir.
Prezident qeyd edib ki, Moskva bu tələbi müxtəlif vasitəçilər vasitəsilə Kiyevə çatdırmağa çalışır.
Lakin Ukraynanın əsas şərti əvvəlcə mövcud cəbhə xəttində atəşkəsin təmin edilməsidir.
Zelenskinin sözlərinə görə, mümkün sülh danışıqlarında enerji infrastrukturu, Qara dənizdə atəşkəs və əsirlərin mübadiləsi də müzakirə oluna bilər.
O, həmçinin tam və qeyd-şərtsiz atəşkəsin təmin edilməsinin, eləcə də buna əməl olunmasına nəzarət üçün güclü mexanizmin yaradılmasının vacibliyini vurğulayıb.
Ukrayna lideri təhlükəsizlik zəmanətlərinin də danışıqların əsas məsələlərindən biri olmalı olduğunu bildirib. O xatırladıb ki, hücuma məruz qalan tərəf Ukraynadır və təhlükəsizlik təminatlarına ilk növbədə Kiyevin ehtiyacı var.
Əliyar Xəlil
Globalinfo.az