ABŞ-ın Oreqon ştatının Portland şəhərində sənaye müəssisəsindən çaya kimyəvi maddələrin sızması ciddi ekoloji fəsadlara yol açıb.
Globalinfo.az xəbər verir ki, hadisə nəticəsində yüzlərlə balıq və digər su canlısı tələf olub.
Məlumata görə, sentyabr ayında baş verən hadisənin səbəbləri həftələrlə davam edən araşdırmalardan sonra müəyyən edilib. Məlum olub ki, sənaye müəssisəsində hava çirkliliyinə nəzarət sistemindən çıxan tullantılar yağış sularının axıdılması üçün nəzərdə tutulan kanallar vasitəsilə çaya qarışıb.
Araşdırmalar zamanı çaya təxminən 1491 litr kimyəvi maddənin axıdıldığı üzə çıxıb. Sızan maddələrin böyük hissəsini yüksək aşındırıcı xüsusiyyətə malik natrium hidroksid təşkil edib. Bundan əlavə, su hövzəsinə daha az miqdarda digər kimyəvi maddələrin də qarışdığı müəyyənləşdirilib.
Çayın səthində köpük əmələ gəlməsi və su canlılarının kütləvi şəkildə tələf olması ərazidə ekoloji təhlükənin miqyasını ortaya qoyub. Çirklənmənin bir neçə kilometr əraziyə yayıldığı bildirilir.
Hadisə ilə bağlı aparılan araşdırmaların nəticələrinə əsasən, məsul sənaye müəssisəsinə qarşı məhkəmə prosesi başladılıb.
Tahir Turan
Globalinfo.az