
Rusiya Prezidenti Vladimir Putin Baltik dənizində təhlükəsizlik və beynəlxalq dəniz hüququna əməl olunması məsələsinə toxunub.
Globalinfo.az xəbər verir ki, o, TASS agentliyinə verdiyi açıqlamada Moskvanın regionda Fars körfəzindəki gərginliyə bənzər ssenarinin yaranmasında maraqlı olmadığını bəyan edib.
Rusiya lideri bildirib ki, Baltik dənizindəki təhlükəsizlik məsələsi Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin Baş naziri Yonas Qar Störe ilə keçirilən telefon danışıqları zamanı da müzakirə olunub.
Putinin sözlərinə görə, Finlandiya və bir çox Avropa ölkələri beynəlxalq dəniz hüququna sadiqliklərini nümayiş etdirir və bütün tərəflərdən bu qaydalara riayət olunmasını gözləyirlər.
“Başqa nə ola bilər? Əks təqdirdə, Hörmüz boğazında baş verənlərə bənzər bir vəziyyətlə qarşılaşacağıq. Baltik dənizində Fars körfəzində və ya Hörmüz boğazında baş verənlərlə eyni vəziyyəti kimsə istəyirmi? Bilmirəm. Biz bunu istəmirik. Amma istənilən çağırışa cavab verəcəyik”, -deyə o qeyd edib.
Tahir Turan
Globalinfo.az