zelenski8

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinlə birbaşa görüşə və ərazi məsələsi ilə bağlı dialoqa hazırdır.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Finlandiyanın “Helsingin Sanomat” nəşrinə müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin Baş naziri Yonas Qar Störenin Putinlə 1,5 saat davam edən telefon danışığı əvvəlcədən Ukrayna ilə razılaşdırılıb. Danışıqların əsas mövzuları atəşkəs və Ukrayna ilə Rusiya prezidentləri arasında birbaşa danışıqların təşkili olub.

Sibiqa qeyd edib ki, Kiyev müharibəyə son qoymaq üçün bütün diplomatik kanallardan istifadə etməyə çalışır. Onun fikrincə, iki ölkə liderinin görüşü danışıqlarda yeni mərhələnin başlanmasına imkan verə bilər.

Nazir vurğulayıb ki, Zelenski ərazi məsələsi də daxil olmaqla, ən mürəkkəb və həssas mövzuları müzakirə etməyə hazırdır.

Ukrayna tərəfi hesab edir ki, ən yüksək səviyyədə görüş hərbi əsirlərin mübadiləsi və Rusiyaya aparıldığı bildirilən uşaqların geri qaytarılması kimi etimadın möhkəmləndirilməsinə yönəlmiş konkret nəticələrə nail olmağa kömək göstərə bilər.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: