fuad nagiyev t

“Bu sammitin Bakıda keçirilməsi Azərbaycanın Asiya-Sakit Okean regionu ilə əlaqələrin daha da möhkəmləndirilməsinə böyük önəm verdiyini nümayiş etdirir”.

Globalinfo.az xəbər verir ki, bunu “PATA Hosted Buyers Summit Baku 2026” tədbirində çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.

O bildirib ki, Agentlik 2019-cu ildə PATA-ya üzv olduqdan sonra Assosiasiya ilə sıx əməkdaşlıq edir:

“Bu əməkdaşlıq qarşılıqlı fayda verən çoxsaylı imkanlar yaradıb. Asiya-Sakit Okean regionu turizmin ən dinamik inkişaf edən bölgələrindən biridir. Region ölkələri ilə əlaqələrin genişləndirilməsi turizmin inkişafı üçün yeni perspektivlər aça bilər. PATA ilə tərəfdaşlığımız Assosiasiyanın əsas tədbirlərində fəal iştirakımızda da özünü göstərir”.

Sədr qeyd edib ki, son illərdə Azərbaycan nümayəndə heyətləri Makao, İstanbul və Koreya Respublikasında keçirilən PATA-nın illik sammitlərində iştirak ediblər:

“Regionun turizm bazarlarının iştirakçıları ilə əməkdaşlığımız bu il də davam edir. Belə ki, ITB China, Indonesia Travel Expo və Kuala Lumpurda keçirilən WITEX daxil olmaqla, mühüm beynəlxalq sərgilərdə iştirak edir, həmçinin Çin, İndoneziya, Malayziya, Sinqapur, Koreya Respublikası və Yaponiyada təqdimat tədbirləri keçiririk. Pekində nümayəndəliyimizin açılması Azərbaycanın bu bazarlara daha da yaxınlaşması və tərəfdaşlarımızla uzunmüddətli əlaqələr qurması baxımından növbəti mühüm addımdır”.

Ləman İmran
Globalinfo.az

Paylaş: