ABŞ Prezidenti Donald Trampın rəhbərlik etdiyi hökumət Rusiyanın Birbaşa İnvestisiyalar Fonduna (RBİF) qarşı tətbiq edilən sanksiyaların ləğvi imkanını nəzərdən keçirir.
“The New York Times” qəzetinin məlumatına görə, bu barədə danışıqların gedişindən xəbərdar olan mənbələr bildiriblər. Məlumata əsasən, Rusiya tərəfi ABŞ-a dizel yanacağının tədarükünün təşkilində fondun iştirakına dair danışıqlar çərçivəsində məhdudiyyətlərin aradan qaldırılmasına çalışır.
Globalinfo.az-a danışan analitik Aqşin Kərimov deyib ki, Vaşinqton ilə Moskva arasındakı münasibətlərin tənzimlənməsində açar fiqurlardan biri Rusiyanın Birbaşa İnvestisiyalar Fondunun direktoru Kiril Dmitriyevdir:
“O, Rusiya elitasında Qərbdə təhsil alan ən parlaq simalardan hesab olunur. Onun iqtisadi təşəbbüsləri, ticari dünyagörüşü Rusiya ilə ABŞ arasında əlaqələrdə sövdələşmələrin ön plana çıxarılmasını şərtləndirən əsas amillərdən görünməkdədir. Bir növ, K.Dmitriyev maliyyəni siyasətlə birləşdirən, iqtisadi-ticari funksiyaları geosiyasətə gətirə bilən ideyalar sahibidir. Belə olduğu təqdirdə, Rusiya ilə ABŞ arasında münasibətlərdəki yumşalmaların Kiril Dmitriyevin iqtisadi fantaziyaları və dünyagörüşünə əsaslandığını desək, yanılmarıq.
Rusiya ilə ABŞ arasındakı əlaqələri təkcə bir nəfər üzərinə fokuslanmaqla təhlil etmək düz olmaz. Baza münasibətlər sistemi var. Bu münasibətlər quruluşunda rəqabət və əməkdaşlıq bir-birini əvəzləyir. Bu, balanslaşdırıcı faktordur. Rusiya ilə Ağ Ev arasındakı əlaqələrdə enerji məsələlərinə dair razılığın əldə olunması həmin kontekstdə nəzərdən keçirilməlidir. Bir tərəfdən, İran-ABŞ müharibəsinin gətirdiyi fəsadların enerji qiymətlərini təzyiq altında qoyması, digər tərəfdən, ABŞ-ın genişlənən siyasəti çərçivəsində yeni çağırışların gözlənilməsi, üçüncü tərəfdən isə ABŞ-da gözlənilən aralıq seçkilər D.Trampı Rusiya ilə münasibətlərdə fərqli mövqe sərgiləməyə təhrik etdi. Belə olduğu təqdirdə, Rusiyadan ABŞ-a dizel yanacağının ixrac olunması bu ölkədə inflyasiyaya təzyiqləri azalda bilər.

Aqşin Kərimov
Ümumilikdə, baxmaq lazımdır ki, ABŞ-ın həmin enerji resursuna ehtiyacı var idimi? Öz daxili resursları hesabına bunu ödəyə bilərdimi? Bunlar ciddi suallardır. Bu, daha çox simvolik əhəmiyyət kəsb edir. Gələcək trayektoriyada Rusiya-ABŞ sövdələşmələrini ön plana çıxarmaq üçün atılan addımların tərkib hissəsidir. Digər tərəfdən isə daha maraqlı dünya nizamı üçün fərqli modelin rəsmiləşdirilməsi prosesinə doğru addımların atıldığı görünməkdədir. Söhbət Rusiya, ABŞ və Çin liderlərinin görüşündən gedir.
Bu görüş olacaqmı?
Çin tərəfindən verilən açıqlamalar ehtiyatlıdır. Görünür, ən çox can atan Rusiya tərəfidir. Bu məsələnin gündəmə gəlməsi belə öz-özlüyündə gələcək konfiqurasiyaya dair təsəvvürlər yaradır. Görünür, ABŞ a, Rusiya da Çin faktorundan kənar regional və beynəlxalq nizamın Ukrayna və İran müharibələri fonunda adaptasiyasını həyata keçirməkdə çətinlik çəkirlər. Çin faktoru ilə bu adaptasiyanı rəsmiləşdirmək, görünür, Rusiya və ABŞ üçün lazımdır. Ona görə də liderlərin görüşündən öncə bu məsələnin gündəmə gəlməsinin beynəlxalq ictimaiyyət üçün nə demək olduğunu anlamalıyıq”.
Turan Rzayev
Globalinfo.az