Avropanın müxtəlif ölkələrində genişlənən etirazlar, küçə qarşıdurmaları və artan sosial narazılıq Rusiya Prezidenti Vladimir Putin üçün gözlənilməz siyasi fürsətə çevrilə bilər. Ukraynaya qarşı başladılan müharibənin iqtisadi nəticələri, enerji və yaşayış xərclərinin yaratdığı təzyiq Avropa cəmiyyətlərində narazılığı dərinləşdirərkən, Moskva Qərbin daxili problemlərindən öz maraqları naminə istifadə etməyə çalışır.
Kreml üçün Avropada sabitliyin pozulması yalnız siyasi rəqiblərinin zəifləməsi deyil, həm də Ukraynaya dəstəyin davamlılığına zərbə vurmaq imkanıdır.
Bəs Avropanı sarsıdan bu proseslər Putinə müharibənin yaratdığı təzyiqlərdən yayınmaq üçün “xilas kəməri” verə bilərmi? Avropanın bu böhrana sürüklənməsində Rusiyanın birbaşa və dolayı təsiri nə qədərdir? Moskva qitədəki narazılıqları öz geosiyasi üstünlüyünə çevirməyi bacarırmı?
Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Avropa ölkələrində davam edən etiraz aksiyalarının həmin dövlətləri zəiflətdiyini demək doğru olmaz:
“Əksinə, bu proses Avropa ölkələrinin güclənməsinə də şərait yarada bilər. Bir növ, etiraz aksiyaları vasitəsilə mövcud hakimiyyətlər ultra-sağçı qüvvələri siyasi səhnədən sıxışdırıb çıxara, daha solmeyilli qüvvələrin önə çıxmasına imkan yarada bilərlər.

Məhəmməd Əsədullazadə
Təbii ki, Rusiya Avropanın siyasi dəyərlərini parçalamağa çalışır. Xüsusilə ifrat sağçı və ultramillətçi qüvvələr Kremlin himayəsindən faydalanırlar. Fransa və Almaniyada bununla bağlı məsələlər artıq rəsmi səviyyədə də açıqlanıb, bu fakt gizlədilmir. Göründüyü kimi, Moskvanın məqsədi Avropada siyasi deqradasiyaya nail olmaqdır. Bu yolla özünə uyğun siyasi qüvvələrin hakimiyyətə gəlməsinə çalışır.
Avropa hazırda qənaət rejiminə keçib və bunun müxtəlif səbəbləri var. Hərbi xərclərin artması əsas amillərdən biri kimi göstərilə bilər. Bu isə sosial yönümlü paketlərin azalması və vergilərin artması ilə nəticələnə bilər”.
Turan Rzayev
Globalinfo.az