Putin xerite 3 900x450 1

Rusiya Prezidenti Vladimir Putin gərginliyin artacağı təqdirdə Avropadakı potensial hədəflər barədə xəbərdarlıq edib. Putin bildirib ki, bu hədəflər Ukrayna üçün sursat istehsal edən zavodlar olacaq.

Sözügedən zavodlar hansı ölkələrdə yerləşir? Rusiya hansı Avropa ölkələrinə hava zərbələri endirməyi gözə ala bilər?

Globalinfo.az-a danışan siyasi şərhçi Əli Zülfüqaroğlu deyib ki, Rusiya tərəfindən bu açıqlamanın səslənməsi ilk dəfə deyil:

“Putindən öncə Rusiya rəsmiləri də dolayısı ilə bu məsələyə toxunublar. Eyni zamanda Rusiya Müdafiə Nazirliyi də Ukraynaya tədarük edilən silahların istehsal olunduğu zavodların siyahısını açıqlayıb. Nəzərə almalıyıq ki, Rusiyaya silah verən əsas ölkələr NATO üzvləridir. Bura İtaliya, Britaniya, Almaniya, İspaniya, Polşa və digər ölkələr daxildir. Ona görə də, bu ölkələrə hücum NATO-Rusiya qarşıdurması riski yaradır, digər tərəfdən Rusiya üçün həm də siyasi problemlər meydana çıxa bilər. Bu baxımdan Putinin açıqlamasını Rusiyanın həmin ölkələrə hücum edəcəyi kimi dəyərləndirmək doğru deyil.

eli zulfu 900x585 1
Əli Zülfüqaroğlu

Hesab edirəm ki, bu açıqlama çəkindirici xarakter daşıyır. Moskva bununla Avropa ölkələrinə təzytiqlərini artırmaq, beləliklə də Ukraynaya dəstək baxımından Avropa İttifaqı ölkələri arasında, həmçinin cəmiyyətdə xof yaradaraq ziddiyyətlər formalaşdırmağa çalışır. Amma, düşünmürəm ki, hazırki məqamda Moskva bu ritorika ilə Avropa İttifaqının ənənəvi yanaşmasını dəyişə bilsin. Nəzərə almalıyıq ki, burada Britaniya-ABŞ, Avropa İttifaqı-ABŞ münasibətlərinin perspektivi də Ukrayna savaşı ilə bağlı həlledici faktorlar sırasındadır. Ona görə də ənənəvi strategiyanın – tükəndirmə müharibəsinin davam edəcəyini düşünürəm. Qışa doğru müharibənin daha da şiddətlənəcəyi ehtimalı böyük olsa da, bunun yaxın perspektivdə NATO və Rusiya arasında birbaşa toqquşma mərhələsinə keçəcəyi ehtimalı azdır”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: