sursat

İtaliyanın şimalındakı Dolomit Alplərində buzlaqların əriməsi nəticəsində Birinci Dünya müharibəsi dövrünə aid təxminən 250 ədəd hərbi sursat aşkarlanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Bildirilib ki, sursatlar turistlərin Trentino bölgəsinin şərqində, Primyero vadisində yerləşən San-Bovo kanalı ərazisində bir neçə partlayıcı qurğu barədə məlumat verməsindən sonra aşkarlanıb.

“Culiya” Alp briqadasının hərbçiləri həmin ərazidə və digər yüksək dağlıq bölgələrdə araşdırma apararaq sursatları tapıb, ərazidən çıxarıb və zərərsizləşdiriblər.

Aşkarlanan sursatlar arasında İtaliyaya məxsus 18 ədəd 75 millimetrlik artilleriya mərmisi və Birinci Dünya müharibəsi zamanı İtaliya ordusuna da verilən Fransa istehsalı 37 ədəd “Təveto” sistemli minaatan mərmisi olub.

Bu sursatlar 1915–1918-ci illərdə Alp dağlarında İtaliya və Avstriya-Macarıstan qoşunları arasında gedən döyüşlərdən qalıb. “Ağ müharibə” adlandırılan həmin dövrdə sursatlar buzun altında qalıb.

Lakin buzlaqların sürətlə əriməsi nəticəsində onlar bir əsrdən çox vaxt keçdikdən sonra yenidən üzə çıxır”, – deyə qeyd edilib.

Nəşr yazıb ki, qlobal istiləşmə səbəbindən hər yay mövsümünün sonunda bu cür hərbi qalıqların sayı artır:

“Üstəlik, aşkarlanan sursatların bir çoxu hələ də partlamayıb və ciddi təhlükə yaradır. Buna görə də turistlərə və alpinistlərə tapdıqları partlayıcı qurğulara toxunmamaq və dərhal polisə məlumat vermək tövsiyə olunur”.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: