Azərbaycanda aylıq sosial müavinət və təqaüd alanların sayı artır. 2026-cı ilin sentyabrında onların sayı ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 3 faiz artaraq 885,9 min nəfəri ötüb. Eyni zamanda, bu ilin ilk doqquz ayında müavinət və Prezident təqaüdləri üzrə ödənişlərdə də artım qeydə alınıb.
Sosial ödəniş alanların sayının artması dövlət büdcəsindən ayrılan vəsaitlərə necə təsir edir? Bu tendensiya gələcəkdə müavinət və təqaüdlərin məbləğinə yenidən baxılmasını zəruri edə bilərmi?
Globalinfo.az-a danışan hüquq elmləri doktoru, iqtisadçı Vüsalə Əhmədova deyib ki, dövlətin sosial ödəniş öhdəlikləri yalnız mövcud benefisiarlar üzrə deyil, yeni hüquq qazanan şəxslər hesabına da genişlənir:
“DSMF-nin 2026-cı ilin yanvar-sentyabr ayları üzrə məlumatlarına əsaslansaq, müavinət və təqaüdlər üzrə ümumi ödənişlər 1,692 milyard manat təşkil edib. Bunun 951 milyon manatı sosial müavinətlər, 609 milyon manatı Prezident təqaüdləri, 132 milyon manatı isə sosial sığorta hesabına verilən müavinətlər təşkil edir. Rəqəmlərdən görünür ki, xərclərin əsas hissəsi sosial müavinətlərin və Prezident təqaüdlərinin payına düşür”.
Vüsalə Əhmədova
İqtisadçı bildirib ki, bu iki istiqamət üzrə ödənişlər birlikdə 1,56 milyard manat təşkil edir və ümumi məbləğin təxminən 92,2 faizini əhatə edir:
“Həmin kateqoriyalar üzrə benefisiarların sayında və ya ödəniş məbləğlərində baş verən dəyişikliklər ümumi xərclərə təsir göstərə bilər. Buna görə də xərclərin yüksəlməsini yalnız yeni şəxslərin sosial təminat sisteminə daxil olması ilə izah etmək doğru olmaz. Ödənişlərin orta məbləğinin dəyişməsi və müxtəlif kateqoriyalar üzrə ödənişlərin strukturu da nəzərə alınmalıdır. Ümumi maliyyə ehtiyacı o halda daha çox arta bilər ki, ödənişlərin artırılması ilə yanaşı, benefisiarların sayı da yüksəlsin. Bu isə dövlət büdcəsinin və DSMF gəlirlərinin proqnozlaşdırılmasını, sosial öhdəliklərin orta və uzunmüddətli planlaşdırılmasını daha vacib edir”.
Zaira Akifqızı
Globalinfo.az