WhatsApp Image 2026 10 27 at 11.17.21

Aparıcı Aytən Səfərovanın şəkərdən imtina etdiyini deməsi müzakirələrə səbəb olub. O, şəkərli qidaların efir zamanı yuxulamasına və əsnəməsinə səbəb olduğunu bildirib. Bəzi insanlar şəkərdən imtinanın sağlamlıq üçün faydalı olduğunu düşünür, digərləri isə şəkərin orqanizm üçün vacib olduğunu hesab edir.

Maraqlıdır, şəkərdən imtina etmək orqanizmə necə təsir edir? Şəkərli qidalar həqiqətən yuxululuq və halsızlıq yaradırmı? Gündəlik qidalanmada şəkəri tamamilə kəsmək nə dərəcədə doğrudur?

Globalinfo.az-a danışan qida təhlükəsizliyi üzrə mütəxəssis Asim Vəliyev deyib ki, biz şəkəri istəsək də, istəməsək də, qidalar və meyvələr vasitəsilə qəbul edirik:

“Şəkərdən tamamilə imtina etmək hər kəs üçün vacib deyil. Əsas məsələ şəkəri hansı mənbədən və nə qədər qəbul etməyimizdir. Şəkərli qidalardan sonra bəzi insanlarda yorğunluq və yuxululuq hissi yarana bilər, amma bunu hamıya aid etmək olmaz”.

Ekspert bildirib ki, yeməkdən sonra yaranan yuxululuğu təkcə şəkərlə əlaqəli deyil:

“Qəbul etdiyimiz qidanın miqdarı, tərkibi, günün saatı, əvvəlki yuxumuz və fiziki aktivliyimiz də buna təsir edə bilər. Bu baxımdan, yuxululuq, halsızlıq kimi halları hamıya şamil etməyimiz doğru yanaşma olmaz. Digər tərəfdən, şəkəri azaltmağın faydası var. Əsasən, şirin içkilərin, çox şəkərli şirniyyatların və qidalara əlavə edilən şəkərin həddindən artıq qəbulunu azaltmaq lazımdır. Amma şəkəri tamamilə kəsmək deyəndə meyvə, tərəvəz, taxıl və digər karbohidrat mənbələrini də qidadan çıxarmaq olmaz. Karbohidratlar orqanizmimiz üçün vacib enerji mənbəyidir. Əlavə və sərbəst şəkərin miqdarını azalda bilərik. Ona görə də daha düzgün yanaşma şirniyyatı və şəkərli içkiləri azaltmaqdır”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: