Azərbaycanda 2030-cu ilədək vergi gəlirlərinin 26 milyard manatı keçəcəyi proqnozlaşdırılır. Vergi daxilolmalarının artması ilə yanaşı, vergi yükünün əhali və sahibkarlar arasında necə bölüşdürüləcəyi də müzakirə mövzusudur. Bu prosesin əhalinin alıcılıq qabiliyyətinə, biznesin inkişafına və investisiya imkanlarına təsiri diqqət çəkir.
Globalinfo.az-a danışan iqtisadçı Asif İbrahimov deyib ki, vergi yükünün kimlərin üzərinə düşməsi ayrıca araşdırma tələb edir:
“Mənfəət vergisinin, fiziki şəxslərin gəlir vergisinin, ƏDV-nin və aksizlərin iqtisadi təsirləri eyni deyil. İstehlak vergilərinin artması aşağı gəlirli ailələrə daha ağır təsir göstərər, çünki onlar gəlirlərinin daha böyük hissəsini gündəlik tələbat məhsullarına xərcləyirlər. Mənfəət vergisinin artımı isə müəssisələrin investisiya imkanlarına təsir edə bilər. Buna görə də 2030-cu ilədək vergi gəlirlərinin 26 milyard manatı keçməsi barədə proqnozla yanaşı, vergi yükünün əhali, sahibkarlar və müxtəlif gəlir qrupları arasında necə bölüşdürüləcəyi də ictimaiyyətə açıqlanmalıdır”.
İqtisadçı bildirib ki, hökumət qarşısında bununla bağlı konkret suallar qoyulmalıdır:
“Məsələn, vergi gəlirlərinin artımının nə qədəri iqtisadiyyatın real genişlənməsindən, nə qədəri vergi dərəcələri və inzibatçılıq dəyişikliklərindən yaranacaq? Bu artım hansı sahələrdə yeni istehsal və iş yerləri yaradacaq? Kiçik və orta biznesin maliyyə yükü necə dəyişəcək? Əhalinin sərəncamında qalan real gəlir necə qorunacaq? Dövlət xərclərinin səmərəliliyinin yüksəldilməsi və qeyri-prioritet xərclərin optimallaşdırılması hesabına nə qədər vəsaitə qənaət ediləcək? Bu suallara cavab verilmədən vergi daxilolmalarının artmasını iqtisadi islahatların uğuru kimi təqdim etmək tezdir.
Hesab edirəm ki, dayanıqlı iqtisadiyyatın formalaşması üçün üç istiqamət paralel həyata keçirilməlidir. Dövlət Neft Fondundan transfertlər tədricən və fiskal qaydalara uyğun azaldılmalı, dövlət xərclərinin səmərəliliyi artırılmalı, qeyri-neft sektorunda real istehsal və ixrac genişləndirilməlidir. Vergi siyasəti də biznesi sıxışdıran mexanizmə çevrilməməli, iqtisadi fəallığı və investisiyaları stimullaşdırmalıdır. Bunun üçün vergi bazasının genişləndirilməsi, kölgə iqtisadiyyatının azaldılması, sağlam rəqabətin qorunması və vergi inzibatçılığında proqnozlaşdırıla bilən qaydaların təmin edilməsi vacibdir”.
A.İbrahimov qeyd edib ki, Azərbaycanın iqtisadi siyasəti yalnız büdcənin gəlir hissəsini formalaşdırmaqla məhdudlaşa bilməz:
“Dövlət eyni zamanda əhalinin alıcılıq qabiliyyətini, biznesin investisiya imkanlarını və daxili bazarda iqtisadi dövriyyəni qorumalıdır. Əgər büdcəyə əlavə vəsait toplamaq naminə iqtisadi fəallıq zəifləyirsə, bu gün əldə olunan fiskal gəlirin bir hissəsi sabah azalan dövriyyə, zəifləyən mənfəət və aşağı vergi daxilolmaları şəklində itirilə bilər. Buna görə vergi siyasəti qısamüddətli büdcə hədəfləri ilə yox, iqtisadiyyatın uzunmüddətli inkişafına təsiri əsasında qiymətləndirilməlidir”.
Ləman İmran
Globalinfo.az