paradimiz 1

Deputat Siyavuş Novruzov Milli Məclisdə çıxışı zamanı hərbi qulluqçuların təhsil istiqamətlərinin ordu ehtiyaclarına uyğun müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb.

Orduda təhsil və hərbi xidmət tələbləri hansı prinsiplər əsasında müəyyənləşdirilməlidir ki, həm ordunun real ehtiyaclarına, həm də NATO standartlarına uyğunluq təmin olunsun?

Globalinfo.az-a danışan hərbi ekspert Ədalət Verdiyev deyib ki, Azərbaycanın müdafiə qabiliyyətinin artırılması və Silahlı Qüvvələrimizin beynəlxalq səviyyədə fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə bir sıra mühüm addımlar atılır:

“Bu addımlardan biri də hərbi təhsil sisteminin NATO standartlarına uyğunlaşdırılmasıdır. Proses artıq uzun müddətdir davam edir. Hərbi təhsil sistemində struktur islahatları başa çatıb, tədris metodlarının təkmilləşdirilməsi isə fasiləsiz davam etdirilir”.

Ə.Verdiyevin sözlərinə görə, sovet sistemindən qalan elementlər, demək olar ki, həm ordudan, həm də hərbi təhsil sistemindən tamamilə uzaqlaşdırılıb:

“Hazırda Azərbaycanın hərbi təhsil sistemi, eləcə də ordunun ehtiyac duyduğu ixtisaslar üzrə kadr hazırlığı NATO standartlarına uyğunlaşdırılır və bu istiqamətdə işlər uğurla həyata keçirilir.

edalet verdiyev 1

Ədalət Verdiyev

Hərbi qulluqçuların təhsil istiqamətləri ordunun ehtiyaclarına uyğun müəyyənləşdirilir. Bu məqsədlə güc strukturlarının kadr və hərbi təhsil qurumları mövcud vakant vəzifələr və onların komplektləşdirilməsi ilə bağlı təkliflərini Milli Müdafiə Universiteti ilə razılaşdırır, hərbi məktəblərə, liseylərə və digər təhsil müəssisələrinə qəbul zamanı ordunun kadr ehtiyacları nəzərə alınır”.

Ədalət Verdiyev qeyd edib ki, Azərbaycan 2008-ci ildən NATO-nun Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramında iştirak edir:

“Bu sahədə həm Türkiyənin, həm də digər dost və müttəfiq ölkələrin müsbət təcrübəsi öyrənilir və tətbiq olunur”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: