İran dünyanı internetsiz qoymaqla hədələyir. İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanının siyasi məsələlər üzrə müavini, briqada generalı Yədullah Cəvani bildirib ki, ABŞ və müttəfiqləri İranın infrastrukturunu hədəfə alsalar, Tehran bütün imkanlarını səfərbər edəcək.
O, həmçinin SEPAH-ın Hörmüz boğazının altından keçən yeddi internet kabelini asanlıqla məhv edə biləcəyini söyləyib.
Bu təhdid reallaşarsa, Azərbaycan və digər region ölkələrinin internet təminatına və rəqəmsal təhlükəsizliyinə necə təsir göstərə bilər?
Globalinfo.az-a danışan politoloq Azad Məsiyev deyib ki, ABŞ və İsrailin İranda hərbi əməliyyatlara başlaması açıq şəkildə təcavüzdür:
“ABŞ-ın əməliyyatlarına qarşı İranın da özünü müdafiə etmək hüququ var. Bu hüquq Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsinə uyğundur. İran tərəfi atılan bütün addımlara cavab vermək prinsipini tətbiq edir. Hörmüz boğazının bağlanması özünü müdafiənin tərkib hissəsidir. Hərbi əməliyyatlar başlamazdan əvvəl Hörmüz boğazında problem yox idi. ABŞ-ın apardığı hərbi işğalçılıq siyasəti bu boğazda problem yaratdı.

Azad Məsiyev
Hörmüz boğazından keçən internet kabelləri də təhdid altındadır. Vaşinqton İrana qarşı işğalçı siyasətini davam etdirsə, SEPAH bu kommunikasiya xətlərini vurmaqla ABŞ-ı hədəfə çevirə bilər. Qeyd edim ki, bu cür hallar bir çox enerji daşıyıcısı ilə bağlı da baş verib. Rusiya-Ukrayna müharibəsi fonunda “Şimal axını-2” partladıldı və Avropaya qaz nəqli zəiflədi. Avropanın üzləşdiyi enerji böhranı bununla bağlıdır.
İran dünyanı ABŞ-a qarşı qaldırmaq üçün internet kabellərini vura bilər. Bu da özünümüdafiənin tərkib hissəsidir. Çünki ABŞ-ın İrana qarşı apardığı əməliyyatlar beynəlxalq hüququn pozulmasıdır. Belə olan təqdirdə İran özünü müdafiə etməyə məcburdur”.
Turan Rzayev
Globalinfo.az